Bu il "Bakı-Tbilisi-Ceyhan" vasitəsilə neft tədarükləri artıb

Bu il "Bakı-Tbilisi-Ceyhan" vasitəsilə neft tədarükləri artıb

Bakı. TurkicWorld:

2023-cü ilin birinci yarısında "Bakı-Tbilisi-Ceyhan" (BTC) vasitəsilə təxminən 114 milyon barel (təqribən 15 milyon ton) xam neft və kondensat nəql olunub.

TurkicWorld bu barədə bp-yə istinadən xəbər verir.

Bildirilib ki, bu rəqəm 2022-ci ilin birinci yarısında 107 milyon barel təşkil edib. Bu, BTC vasitəsilə tədarüklərin həcminin illik hesablamada 6,5 faiz artması deməkdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 milyon tondan çox (4,1 milyard barel) xam neft nəql edilib.

2023-cü ilin birinci yarısında "Bakı-Tbilisi-Ceyhan" (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59 milyon dollar, əsaslı xərclərə isə 18 milyon dollar vəsait sərf olunub.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.