Azərbaycanın qaz kəmərləri Avropa ölkələri və Türkiyə üçün böyük rol oynayır - Pərviz Şahbazov

Azərbaycanın qaz kəmərləri Avropa ölkələri və Türkiyə üçün böyük rol oynayır - Pərviz Şahbazov

Bakı. TurkicWorld:

"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından bugünədək 42 milyon ton kondensat və 399 milyard kubmetr təbii qaz hasil olunub.

TurkicWorld xəbər verir ki, bunu şənbə günü Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda konfransda deyib.

"Ümumi dəyəri 176 milyard dollar olan 600 milyon tondan çox neft və 135 milyard kubmetr qaz ixracın payına düşüb. Qeyd etmək istəyirəm ki, AÇG yatağının gələcək istismarı üçün "Azəri-Çıraq-Günəşli" blokunda "Azəri-Mərkəzi-Şərqi" (ACE) platformasının istismara verilməsi planlaşdırılır. Bu platformadan neft məhsullarının hasilatı gələn ilin əvvəlinə planlaşdırılıb. Həmçinin ölkəmizin neft məhsullarının ixracçısı olaraq rolunun güclənməsinə imkan yaradacaq digər enerji layihələrinin inkişafı üzrə işlər davam etdirilir", - o deyib.

Nazir neft sektorunun ölkəmizin strateji əhəmiyyət kəsb edən sahəsi olduğunu vurğulayıb.

"Biz bu gün neftimizi dünyanın onlarla ölkəsinə ixrac edirik, Azərbaycan nefti öz unikallığı ilə seçilir. Azərbaycanın iştirakçısı olduğu enerji marşrutlarının genişləndirilməsi üzrə işlər davam edir. Bu gün Azərbaycanın qaz kəmərləri Avropa ölkələri və Türkiyə üçün böyük rol oynayır", - o deyib.