BMT öz hesabatlarında bərpa olunan enerji mənbələrinin istehsalını hazırkı 2 800 giqavatt səviyyəsindən 2030-cu ildə 8 min giqavattadək, elədə enerji səmərəliliyinin orta illik artım tempini hazırkı 0,8 faizdən 3 faizədək yüksəltməyi tövsiyə edir.
2025-ci ilədək 100 ölkə bərpa olunan enerji mənbələrindən 100 faizlik istifadə hədəfinə çatmalıdır. Beləliklə, qlobal miqyasda kömürlə işləyən istilik elektrik stansiyaları qalmamalıdır.
Dünya balansında qazıntı yanacağı 2030-cu ilədək 60 faizdən 30 faizədək azalmalıdır.
Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatlarına əsasən dünyada elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 2020-ci ildə 29 faizdən 2030-cu ildə 60 faizə, 2050-ci ildə isə təxminən 90 faizədək artacaq.
BEA-nın hesabatında qeyd olunur ki, bunun üçün külək və günəş elektrik stansiyalarında elektrik enerjisi istehsalının 2020-2050-ci illərdə illik artımı son üç illik göstəricini 5 dəfə üstələməlidir.
Beynəlxalq Energetika Forumunun enerji dialoqu üzrə direktoru Kristof van Aqt bildirib ki, bərpa olunan enerji mənbələrinə keçid fonunda hidrogenə artan tələbatın karbon qazının tutulması, istifadəsi və saxlanması texnologiyalarına və müvafiq struktura investisiyaları stimullaşdıracaq.
Onun sözlərinə görə, hidrogen enerji keçidində aparıcı rol oynayır:
"Hidrogen və qazıntı yanacağından alınan CO2-nin saxlama yerlərinə nəqli ilə yanaşı, karbon dioksidi sıfır tullantılı daxili yanacaq mühərrikləri üçün sintetik yanacaq istehsalı üçün xammal qismində təmiz karbon molekulları yaradılmasında istifadə etmək olar. Bundan başqa, hidrogeni metanola və ya ammiaka çevirmək və bazarlar arasında daha qənaətli şəkildə nəql etmək olar".
DNV GL şirkəti bildirir ki, dünya tezliklə tullantıları ildə 8 faiz azaltmaqla karbonsuzlaşmış sistemə keçməlidir:
"Bu təxirəsalınmaz və mürəkkəb tapşırıq hərtərəfli sistemli düşüncə tələb edir. Məsələ ondan ibarətdir ki, karbon mənbələrini dünya enerji sistemindən çıxarmaq gücündə olan texnologiyaların nə zaman və necə tətbiq olunmasını başa düşə bilək. Bunu həyata keçirmək sənayelərə, hökumətlərə prioritetləri səmərəli şəkildə müəyyən etməyə və bu əsrin ortalarınadək tullantıların azalmasına nail olmağa kömək edəcək".
Bərpa olunan enerji mənbələri həm də binalarda, sənaye və nəqliyyatda tullantıların azaldılmasında vacib rol oynayır. Nəqliyyatda bərpa olunan enerji mənbələri elektromobillər üçün elektrik enerjisinin hazırlanması hesabına tullantıların azalmasında vacib rol oynayır. Binalarda bərpa olunan enerji mənbələri əsasən istilik və su təchizatı üçün istifadə olunur. İstilikdə bərpa olunan enerji mənbələrinin birbaşa istifadəsi 2020-ci ildə 10 faizdən 2050-ci ildə 40 faizədək artacaq. Bunun təxminən dörddə üç hissəsi günəş və geotermal enerjinin payına düşəcək.
Elektrik enerjisi istehsal edən günəş fotoelektrik panelləri hazırda bütün dünyada 25 milyon binanın damında quraşdırılıb. Bu göstərici 2030-cu ildə 100 milyona, 2050-ci ildə 240 milyonadək artacaq.
Enerji sektoruna qlobal investisiyalar 2021-ci ildə təxminən 5 faiz artacaq və 820 milyard dolları ötəcək.
Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalı üzrə yeni layihələrə investisiyalarda üstünlük təşkil edəcək. Ümumilikdə 530 milyard dollarlıq investisiyaların 70 faizi bu mənbələrin payına düşəcək.
Proqnozlara əsasən, elektrik enerjisi istehsalında biokütlə istifadəsi də daxil olmaqla bütün bərpa olunan enerji mənbələrinin payı 2018-ci ildə 17 faizdən 2030-cu ildə 21,5 faizədək artacaq.
Son istehlak üçün bərpa olunan enerji mənbələrinə, o cümlədən günəş istilik sistemləri, bioenerji və geotermal enerjiyə investisiyalar 2020-ci ildə 23 milyard dollara çatıb ki, bu da 2019-cu illə müqayisədə 10 faiz azdır. Son dövrlərdə bu sahəyə investisiyaların azalması tendensiyası müşahidə olunsa da, 2021-ci ildə bu göstərici artacaq. Bu sahəyə qoyulan investisiyaların dörddə üç hissəsinə malik Çin və Avropa perspektiv artımın aparıcı qüvvələridir, amma bu, iqtisadi artımdan və siyasi dəstəyin səviyyəsindən asılıdır.