Qarabağ bölgədə bərpa olunan enerji mənbələrinin inkişafı mərkəzinə çevrilə bilər.
Turkic.World-un məlumatına görə, bu barədə Böyük Britaniyanın ABC Money xəbər agentliyi tərəfindən dərc olunan "Azərbaycan necə Qarabağı bərpa olunan enerji mənbələri mərkəzinə çevirir" adlı məqalədə deyilib.
"Bu gün Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı səkkiz faizdən çoxdur, lakin ölkənin Energetika Nazirliyi 2030-cu ilə qədər bu rəqəmi ən azı 30 faizə çatdırmaq niyyətindədir".
Materialda beynəlxalq şirkətlərin Azərbaycanın yaşıl enerji istehsalını artırmaq proqramına qoşulmaqda maraqlı olduqları da vurğulanıb:
"BP və ölkə hökuməti Qarabağda günəş elektrik stansiyası tikirlər. Həqiqətən də, ölkənin coğrafi mövqeyinin bərpa olunan enerji mənbələrinin inkişafı üçün optimal olduğu nəzərə alınmaqla, Azərbaycanda yaşıl enerji istehsalını kəskin şəkildə artırmaq məqsədinə nail olmaq mümkündür. Bu cür layihələr sayəsində Qarabağ bölgədə bərpa olunan enerji mənbələrinin mərkəzinə çevrilmək potensialına sahibdir. Qarabağın 4 mindən çox meqavat günəş enerjisi və 500 meqavatadək külək enerjisi istehsal etmək potensialı var. Bundan əlavə, Azərbaycanın yerli su ehtiyatlarının 25 faizinin Qarabağdan gəldiyini nəzərə alsaq, bura hidroelektrik stansiyalarının tikintisində yerli çaylardan istifadə etmək üçün optimal yerdir. Uğur gətirdiyi halda, bu cür elektrik stansiyaları Azərbaycanın təkcə öz enerji ehtiyaclarını ödəməsinə deyil, həm də Xəzər dənizi üzərindəki qonşu ölkələrə artıq elektrik enerjisi satmasına imkan verəcəkdir".