Bakı, TurkicWorld
Azərbaycanın qədim mədəniyyətini tanıtmaq və Qarabağ zəfərini izah etmək məqsədilə İstanbulda “Qarabağdan İstanbula Xalça Sərgisi Proqramı” təşkil olunub.
TurkicWorld xəbər verir ki, Türkiye Gençlik ve Eğitime Hizmet Vakfı (TÜRGEV) və Xarı Bülbül adına Azərbaycan Vizyon Teatr Dərnəyi ilə birgə təşkil edilən proqramın açılışı Güzel İşler Fabrikası Safveti Paşa Kampusunda keçirilib.
Proqramın açılışında çıxış edən TÜRGEV İdarə Heyətinin sədri Hatice Akıncı Yılmaz Qarabağın türk dünyası tarixinə qızıl hərflərlə yazılmış bir coğrafiya olduğunu, həmçinin böyük mübarizə və həsrətin simvolu olduğunu bildirib.
Yılmaz, "Qarabağ təkcə bir torpaq parçası deyil, həm də bir millətin əzmkarlığının, səbrinin, birlik ruhunun ən böyük simvoludur. Xocalıdakı zülm və illərdir davam edən işğal prosesi hamımızı dərindən yaralayıb. Lakin eyni zamanda , biz də Türk dünyasında Azərbaycanı dəstəklədiyimizi ifadə etdik, "- deyə çıxış edib.
Qarabağdakı zülmün və Azərbaycanın haqlı davasını bütün dünyaya bəyan etmək üçün ölkə tərəfindən böyük səy göstərildiyinə diqqət çəkən Yılmaz, “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bir millət, iki dövlət devizinə sadiq qaldıq. Şükürlər olsun ki, ədalət Azərbaycanın tərəfində oldu və Qarabağ torpaqları 30 illik işğaldan azad edildi. Biz burada - Azərbaycanın tarixi-mədəni zənginliyini, türk dünyasının dərin bağlarını sənət vasitəsilə xatırlamaq üçün bir araya gəldik. İncəsənət, millətlərin ruhunu bəsləyən, tarixini yaşadan və keçmişdən aldığı güclə gələcəyini işıqlandıran bir körpüdür. Bu körpü vasitəsilə millətlər öz kimliklərini və şəxsiyyətlərini formalaşdırır və dünyaya öz mədəniyyətlərini tanıdırlar." - deyə Yılmaz ifadə edib.