Son dəqiqə

BP Azerbaijan Şahdəniz Azəri-Çıraq-Günəşli (AÇG)

bp şirkəti Azərbaycanda çıxarılan ehtiyatların hasilatının maksimallaşdırılması üzərində çalışır

Bakı, TurkicWorld

bp şirkəti istixana qazlarının emissiyalarını azaltmaqla bağlı öhdəliklərin icrasını nəzərə almaqla, Azərbaycanın əsas "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarında çıxarılan ehtiyatların hasilatının maksimallaşdırılması üzərində çalışır.

Bu barədə TurkicWorld -ə özəl müsahibəsində bp-nin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

AÇG-nin gələcəyinə toxunan vitse-prezident onun iki istiqamətdə - 1997-ci ildən aparılan neft hasilatının və həm dayaz, həm də AÇG-nin dərin rezervuarlarından qaz hasilatının davamı üzrə inkişaf edəcəyini qeyd edib.

"AÇG-nin gələcəyinə onun 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandığı gündən bu yana keçdiyi möhtəşəm 30 illik yolla eyni ruh yüksəkliyi ilə baxırıq. Bu blok gələcəklə planlarımızın əsasını təşkil edir", - deyə B.Aslanbəyli vurğulayıb.

Onun sözlərinə görə, hazırda bp-nin əsas məqsədi AÇG-dən çıxarılan ehtiyatların hasilatını maksimuma çatdırmaqdır və bu məqsədə nail olmaq üçün şirkət, əsasən, Xəzər regionunda istifadə olunan innovativ texnologiyaların geniş spektrinə arxalanacaq.

"Bu il AÇG-də bp tərəfindən həyata keçirilən ən böyük proqram olan, 370 milyon ABŞ dolları dəyərində yüksək icazəli 4D seysmik tədqiqatlar proqramını işə saldıq. Bu beşillik unikal seysmik proqram üzrə əsas diqqət Balaxanı lay dəstəsi və Fasilə lay dəstəsinin (məhsuldar rezervuarlar) öyrənilməsinə yönəlib.

AÇG-nin 740 kvadrat kilometrlik sahəsində beş il ərzində beş monitorinq keçiriləcək ki, bu da bizə lay kollektorunun vəziyyətini daha yaxşı anlamağa və nəhayət, AÇG-də neft hasilatının yaxşılaşdırılması üzrə vəzifələrimizi həll etməyə imkan verəcək. Bu il üçün bu 4D seysmik proqram üzrə nəzərdə tutulan işlərin 70%-dən çoxunun artıq icra olunduğunu bildirməkdən məmnunuq", - o deyib.

Onun sözlərinə görə, bp AÇG-də neft hasilatı ilə bağlı 2024-cü ilin aprelində istismara verilən yeddinci hasilat platforması olan "Mərkəzi Şərqi Azəri"yə (ACE) müəyyən ümidlər bəsləyir.

"ACE-də hazırda neft gündə 8 min barelə yaxın neft verən bir quyudan hasil edilir. İlin sonunadək daha iki hasilat quyusu qazmağı planlaşdırırıq ki, bu da bu il hasilatı sutkada 24 min barelə çatdırmağa imkan verəcək", - deyə bp-nin vitse-prezidenti bildirib.

O, texnologiya və rəqəmsallaşma baxımından "ACE"nin dünyada ən qabaqcıl bp platforması olduğunu vurğulayıb.

"İnanırıq ki, "ACE" uzun onilliklər ərzində Xəzər dənizindən enerji resurslarının dayanıqlı və təhlükəsiz tədarükünə imkan yaradacaq", - B.Aslanbəyli deyib.

Qeyd edək ki, "ACE" zirvəsində gündə 100 000 barel neft verəcək. Bu göstəricinin bir neçə il ərzində əldə olunması nəzərdə tutulur və bu, AÇG-də neft hasilatının azalmasını stabilləşdirməyə imkan verəcək.

AÇG blokundan təbii qazın çıxarılmasının perspektivlərinə toxunan bp-nin vitse-prezidenti bildirib ki, "Çıraq" platformasından AÇG strukturunun cənub cinahında dərin layadək artıq bir quyu uğurla qazılıb və bu, bp-nin AÇG dərin laylarındakı təbii qazın gələcəyinə dair məsələyə nikbin baxmasına imkan verir.

"Təbii qazın qiymətləndirilməsi üçün qazılmış birinci quyunun məlumatlarının təhlili əsasında artıq 2024-cü ildə "Qərbi Çıraq" platformasından qazılacaq ikinci quyunu planlaşdırmışıq. Ümid edirik ki, Bu ikinci quyudan təbii qaza dair daha çox məlumatı əldə edəcəyimizə ümid edirik. Bundan başqa, bu quyu AÇG-dən təbii qaz əldə etmək məqsədilə hasilat kateqoriyasına keçiriləcək (yəni dərin qaz hasilatı üçün ilk AÇG quyusu olacaq)", - B.Aslanbəyli deyib.

bp-nin vitse-prezidenti AÇG-nin dərin laylarından ilk qazın 2025-ci ildə əldə olunacağını bildirib.

Qeyd edək ki, AÇG-də hasilat başlayandan (1997-ci ilin payızı) 591 milyon tona yaxın neft və 221 milyard kubmetrdən çox səmt qazı hasil olunub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%). AÇG üzrə müqavilənin müddəti 2049-ci ilin dekabrında bitir.

"Bu ilin sentyabrında AÇG-nin mənimsənilməsi üzrə müqavilənin 30-cu ildönümünü qeyd edəcəyik, 2024-cü ilin iyununda "Caspian Oil & Gas" sərgisindəki stendimizdə AÇG-nin uğurla işlənilməsinin 30 illik tarixçəsini təqdim etdik. Bu, Azərbaycanla görkəmli əməkdaşlığın və ölkənin energetika sənayesindəki möhtəşəm nailiyyətlərin hekayəsi idi", - deyə B.Aslanbəyli qeyd edib.

Qaz strategiyası

B.Aslanbəyli qeyd edib ki, 2025-ci ilin ikinci rübündən "Şahdəniz" yatağından əlavə qaz hasilatı üçün xüsusi kompressor platformasının yaradılması üzrə layihənin icrasına başlamaq planlaşdırılır.

Xatırladaq ki, bu yataqda qaz və kondensat hasilatı 2006-cı ilin dekabrından həyata keçirilir.

"Şahdəniz"də sabit hasilat dövrünü uzatmaq və satışı artırmaq üçün əlavə qaz həcmləri əldə etməyin üzərində çalışırıq. Bunun üçün yeni kompressor platforması inşa etməyi planlaşdırırıq. Bunu texniki cəhətdən mümkün və iqtisadi baxımdan səmərəli həll hesab edirik", - deyə B.Aslanbəyli qeyd edib.

O, bunun operatorlarsız, məsafədən idarə olunan, Səngəçal sahil terminalında yüksək voltlu elektrik kabeli vasitəsilə işə salınan platforma olacağını əlavə edib.

"Kompressor platforması layihəsi işlənmə mərhələsindədir və reallaşdırılmasına 2025-ci ilin ikinci rübündə başlanılacaq. Bu layihə faktiki olaraq "Şahdəniz"in işlənməsinin üçüncü mərhələsidir və bu yataq Azərbaycanın qaz gələcəyində mühüm rol oynayır", - B.Aslanbəyli deyib.

Qeyd edək ki, 2024-cü ilin birinci yarısında "Şahdəniz" hasilatın pik həddinə çatmaqla 14 milyard kubmetr təbii qaz verib. Bütün mənimsənmə müddətində yataqdan ümumilikdə 223 milyard kubmetr qaz və 46,6 milyon ton kondensat hasil edilib.

"Bu il bizim üçün mühüm nailiyyətlər ilidir. Fevral ayında "Şahdəniz"in qalan beşinci, şimal-şərq cinahında birinci quyudan qaz və kondensat hasilatına başlamaqla mühüm mərhələyə çatdıq. İl ərzində bu cinahda daha iki quyunun istismarına başlamağı planlaşdırırıq ki, bu da Azərbaycandan dünya bazarlarına qaz tədarüklərinə dair öhdəliklərimizi yerinə yetirməyə imkan verəcək", - B.Aslanbəyli qeyd edib.

O xatırladıb ki, indiyədək "Şahdəniz"in tammiqyaslı mənimsənilməsi (2-ci faza) çərçivəsində ümumilikdə 21 (şimal cinahda beş quyu, qərb cinahda dörd quyu, cənub-şərq cinahda dörd quyu, cənub-qərb qanadında beş quyu və şimal-şərq qanadında üç quyu) quyu qazılıb.

Azərbaycanda digər qaz hasilatı layihələrinin icrasına toxunan bp-nin Xəzər regionu üzrə vitse-prezidenti deyib: "Şahdəniz"də hasilatın artması layihəsi ilə (gələcək kompressor platforması hesabına) yanaşı, həm də bu nəhəng yatağın xaricində potensial yeni qaz mənbələri axtarırıq.

Beləliklə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda potensial təbii qaz yataqlarına çox nikbin baxırıq və 2025-ci ildə ilk qazı əldə etmək üçün bu il orada ilk hasilat quyusunu qazmağa başlayacağıq. Həmçinin, Xəzər dənizində "Şəfəq-Asiman" blokundakı "SAX01" quyusunda aşkar edilmiş karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və gələcək tədbirlərin planlaşdırılması ilə məşğul oluruq".

B.Aslanbəyli ilk "SAX01" kəşfiyyat quyusunun qazılmasının 2021-ci ilin martında başa çatdığını xatırladıb.

"Bu quyu məhsuldar Fasilə lay dəstinin əsasında 7189 metr dərinliyə çatıb. Bəzi qazılmış intervallarda qaz kondensat ehtiyatları aşkarlanıb. Əldə edilmiş bütün məlumatların işlənilməsini və nəticələrin interpretasiyasını həyata keçirdik. Gələcək tədbirlərin planlaşdırılması gedir", - deyə Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezident aydınlıq gətirib.

Onun sözlərinə görə, bp şirkəti qaz ixracının artırılması üzrə planlarının icrasında Azərbaycana dəstək göstərməyə davam edəcək.

"Yaşıl" addımlar

Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti qeyd edib ki, Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının (GES) inşası layihəsinin icrası bp-nin regiondakı əməliyyatlarında ümumi emissiyaları 11 faiz azaldacaq.

"Cəbrayılda 240 meqavatlıq GES layihəsinin işlənilmə mərhələsindəyik. Kommersiya nöqtəyi-nəzərindən bu layihə Səngəçal terminalında əməliyyatların dekarbonizasiyası və bu terminalın elektrikləşdirilməsi ilə dəstəklənir (Azərbaycanda "Elektrik enerjisinin virtual ötürülmə mexanizmi" biznes modelinin debütü olmaqla Cəbrayılda günəş enerjisinin hasil etməyə, orada onun şəbəkəyə ötürülməsinə və Bakının Qaradağ rayonunda Səngəçal terminalında "Azərenerji"dən svop üzrə eyni həcmi əldə etməyə imkan verir).

Bu, dərin inteqrasiya olunmuş layihədir və iqtisadi cəhətdən əsaslandırılıb, belə ki, elektrik enerjisi hasil etmək üçün Səngəçal terminalında qazdan istifadəni azaltmağa imkan verəcək. Layihənin icrası bp-nin regiondakı əməliyyatlarda ümumi emissiyalarını 11% azaldacaq", - o deyib.

Onun sözlərinə görə, bp-nin nəzərdə tutduğu tədbirlər nəticəsində ayrılan qaz həcmi ixrac olunacaq ki, bu da Azərbaycan qazının xarici alıcılara tədarükünün etibarlılığını daha da artıracaq.

"Bu çoxplanlı layihənin icrasının texniki və kommersiya məsələləri üzrə Energetika Nazirliyi və "Azərenerji" ilə əməkdaşlıqda mühüm irəliləyiş əldə etmişik və bu ilin sonunda onunla bağlı yekun investisiya qərarının qəbul olunacağını gözləyirik. Cəbrayılda GES layihəsi Azərbaycanın enerji keçidini dəstəkləyən həqiqətən mühüm layihədir", - deyə Aslanbəyli vurğulayıb.

Layihənin digər iştirakçıları arasında SOCAR və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) var. Pay iştirakına payızda aydınlıq gətiriləcək.

B.Aslanbəylinin sözlərinə görə, bp Azərbaycanı enerjiyə keçid yolunda dəstəkləmək üçün SOCAR ilə yeni sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.

"Perspektivdə SOCAR ilə Azərbaycanda bərpa olunan enerji mənbələri, dekarbonizasiya və elektrikləşdirmə sahəsində yeni layihələr üzrə sıx əməkdaşlığa davam edəcəyik. Aydın məsələdir ki, bu, innovativ yanaşma tələb edəcək və biz bu planda aparıcı mövqedə olmağa çalışırıq", - deyə bp-ninXəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti qeyd edib.

O qeyd edib ki, bp öz əməliyyatlarını daha da təhlükəsiz və səmərəli etmək üçün bütün imkanlardan istifadə edir, istixana qazlarının emissiyalarını azaltmaq və mövcud neft və qaz hasilatını dekarbonizasiyasının yollarını axtarır.

"Bu yaxında regiondakı bütün obyektlərimizdə metan emissiyalarını ölçmək üçün texnologiyalar və həllər tətbiq etmişik. Bu, bizə ölçmələri təkmilləşdirməyə, daha yaxşı qiymətləndirməyə, yeni baza göstəricilərimizə dair anlayışı artırmağa və son nəticədə bp-nin bütün dünyada əməliyyatlar üzrə hədəfi olan qlobal əməliyyatlarında metan emissiyalarının 50% azaldılmasına töhfə verməyə imkan verəcək", - deyə B.Aslanbəyli aydınlıq gətirib.

bp-nin Azərbaycandakı "yaşıl" tədbirlərinin digər mühüm bir nümunəsi "Şahdəniz Alfa" hasilat platformasında dizel generatorlarının (elektrik enerjisi istehsal edən) qonşu "Şahdəniz Bravo" platformasından gələcək elektrik enerjisi ilə əvəzlənməsi layihəsidir.

"Bu, təkcə "Şahdəniz Alfa"da karbon qazı emissiyalarını azaltmağa kömək etməyəcək, həm də "Şahdəniz" qaz-kondensat layihəsində əməliyyatların məhsuldarlığını artıracaq", - bp-nin vitse-prezidenti hesab edir.

Bundan başqa, B.Aslanbəyli xatırladıb ki, bp və SOCAR "Metan Rəhbər Prinsipləri" (MGP), eləcə də ikitərəfli anlaşma memorandumunu imzalayıb və bununla "Qlobal Metan Vədi" təşəbbüsü (2023-cü ilin noyabrında MGP çərçivəsində başladılıb) kimi səylərə töhfə verirlər.

"Bu təşəbbüs ayrı-ayrı ölkələr səviyyəsində metan emissiyalarının azaldılmasını sürətləndirməyə yönəlib. SOCAR və bp birlikdə çalışmaqla, Azərbaycanda metan emissiyalarının azaldılması üzrə ölkənin enerji sektorunun tələblərinə cavab verən konkret yol xəritəsinin hazırlanması ilə bağlı səyləri dəstəkləmək üçün əsas maraqlı tərəflərin, tərəfdaş şirkətlərin tədqiqat institutlarınn ekspertləri və hökumət nümayəndələrinin tədbirlərini inteqrasiya etmək niyyətindədir. İnanırıq ki, birlikdə sənaye, cəmiyyət və dövlətin metan emissiyaları ilə mübarizə aparmasına kömək etməklə buradakı imkanlardan daha səmərəli istifadə edə biləcəyik", - deyə B.Aslanbəyli əlavə edib.

Mövzuya görə xəbərlər