"Şahdəniz"də kəşfiyyat quyusu planlaşdırılan dərinliyə çatıb

"Şahdəniz"də kəşfiyyat quyusu planlaşdırılan dərinliyə çatıb

Bakı. TurkicWorld:

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağındakı "SDX-8" kəşfiyyat quyusu təqribən 7000 metr olmaqla, ümumi layihə dərinliyinə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "bp Azerbaijan" şirkətindən bildiriblər.

"Bundan sonra yerdə qalan quyu işlərini başa çatdıracaq və əldə edilmiş məlumatları proqnozlaşdıracağıq. Bunun bir neçə ay çəkəcəyi gözlənilir", - deyə şirkətdən bildiriblər.

Qeyd edək ki, 23 yanvar 2023-cü il tarixində bp Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş çərçivəsində müqavilə ərazisində yeni "SDX-8" kəşfiyyat quyusunun qazılmasına başlayıb.

Quyu 2022-ci ilin dekabrında "Şahdəniz" yatağının şərq cinahında SDX-8 quyusunun ərazisində yerləşdirilən Heydər Əliyev adına yarımdalma qazma qurğusundan istifadə etməklə qazılıb.

"Şahdəniz"in təsdiqlənmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat olraq qiymətləndirilir.

"Şahdəniz" layihəsində iştirak payı aşağıdakı kimidir: bp (operator) – 29,99 faiz, LUKOYL – 19,99 faiz, TPAO – 19 faiz, SOCAR – 14,35 faiz, NICO – 10 faiz və SGC – 6,67 faiz.