Türkiyə Aİ-nin enerji təhlükəsizliyi üçün qaz qovşağı olaraq aktiv işlər görür

Türkiyə Aİ-nin enerji təhlükəsizliyi üçün qaz qovşağı olaraq aktiv işlər görür

Bakı. TurkicWorld:

2024-cü ildə beynəlxalq qaz habı statusunu hüquqi olaraq rəsmiləşdirəcək Türkiyə artıq 2023-cü ildə bu funksiyanı faktiki olaraq yerinə yetirib.

TurkicWorld xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Nevzat Şatıroğlu deyib.

"Hazırda Türkiyə müxtəlif ölkələrdə, xüsusən boru qazı (daha çox Rusiya və Azərbaycandan), maye qaz (bir çox mənbələrdən, o cümlədən, ABŞ-dən) əldə edir. Onlar bizdə qarışdırılır, biz bizə lazım olandan istifadə edirik. 2023-cü ildə Bolqarıstan, Rumıniya və Macarıstanla onlara qaz tədarükü barədə sazişlər imzalaya bildik, yəni faktiki olaraq qazın istehsalçıları ilə Avropa İttifaqındakı (Aİ) alıcıları arasında qaz "körpüsü" olaraq fəaliyyət göstərməyə başladıq", - deyə nazir müavini qeyd edib.

O, 2023-cü ildə Aİ ölkələrinin "mavi yanacaq" çatışmazlığını qarşılamaq məqsədilə Türkiyə vasitəsilə Bolqarıstana (payızda SOCAR-ın "Şahdəniz" yatağından qaz tədarükü üzrə beynəlxalq sazişdən kənarda öz satışları), Rumıniya və Macarıstana (mübadilə yolu ilə) əlavə həcmdə qazın nəql olunduğunu əlavə edib.

"Biz artıq Avropadakı qardaşlarımız üçün qaz tədarükləri ilə bağlı lazımi şərtləri təmin etmişik, xüsusən Azərbaycan qazının Qərb istiqamətində birbaşa satışı həyata keçirilib. Söhbət böyük həcmdən getməsə də, əsas odur ki, bu cür əməliyyatlar başlayıb", - deyə N.Şatıroğlu vurğulayıb.

Onun sözlərinə görə, 2025-ci ildə Bolqarıstan infrastrukturunun ötürücülük imkanlarını genişləndirmək hesabına müxtəlif mənbələrdən daha çox qaz əldə edə biləcək və qeyd olunan həcmlərin bir hissəsi mütləq Türkiyə vasitəsilə tranzitlə nəql olunacaq.

Rusiya ilə Türkiyənin Frakiya bölgəsində qaz habı ideyasını (İstanbulda qaz ticarəti üçün birja tipli) həyata keçirmək barədə danışıqlara toxunan nazir müavini saziş sənədlərinə çıxış prosesinin davam etdiyini bildirib.

"Müharibə (Ukrayna ilə) ilə əlaqədar olaraq Rusiya öz qazı üçün alternativ çıxışlar axtarmaq məcburiyyətindədir. Bu məsələdə ölkələrin qarşılıqlı maraqları, geosiyasi məsələlər, Avropanın gözləntiləri vacibdir. Biz bütün bunları nəzərə almalıyıq", - deyə N.Şatıroğlu vurğulayıb.

O, həmçinin, Türkiyənin beş maye təbii qaz (MTQ) terminalına malik olduğunu və ölkəsinin avropalı qonşularının bu terminallar vasitəsilə qaz əldə edə biləcəklərini qeyd edib.

Nazir müavini Azərbaycanla TANAP vasitəsilə Aİ-yə qaz nəqlinin ikiqat artırılması üçün zəruri olan tranzit sazişinə əlavə edilməsi ilə bağlı danışıqların davam etdiyini bildirib.

Beləliklə, Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.