SOCAR-ın Türkiyədəki neft emalı zavodu aviayanacaq istehsalını əhəmiyyətli dərəcədə artırıb

SOCAR-ın Türkiyədəki neft emalı zavodu aviayanacaq istehsalını əhəmiyyətli dərəcədə artırıb

Bakı. TurkicWorld:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2023-cü ilin avqust ayında aviayanacaq istehsalını öncəki ilin avqust ayı ilə müqayisədə 24,5 faiz artırıb.

TurkicWorld bu barədə bazar ertəsi xəbər verir.

Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına əsasən, 2023-cü ilin avqust ayında zavod 163 min 991 aviasiya yanacağı istehsal etdiyi halda 2022-ci ilin həmin ayında bu göstərici 131 min 726 ton olub.

COVID-19 ilə əlaqəli məhdudiyyətlər ucbatından aviasiya yanacağına tələbat azaldıqda STAR 1,6 milyon ton aviasiya yanacağının istehsalı üçün nəzərdə tutulmuş istehsal gücünü operativ şəkildə dizel yanacağının istehsalına yönəldib. Məhdudiyyətlər aradan qalxdıqdan sonra zavod artmaqda olan tələbi qarşılamaq üçün aviasiya yanacağı istehsalını bərpa edib.

Ümumi dəyəri 6,3 milyard ABŞ dolları olan STAR zavodu 2018-ci ilin oktyabrında işə salınıb. Layihə xərclərinin təqribən 3,3 milyard dolları borc vəsaitlərinin hesabına qarşılanıb.

STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 min barel xam neft emal etmək gücündədir.