Bakı. TurkicWorld:
İtaliya 2023-cü ilin avqust ayında Azərbaycandan 758,7 milyon kubmetr təbii qaz idxal edib. İyul ayında isə bu göstərici 743,2 milyon kubmetr olub.
Bu barədə TurkicWorld -ə Avropa İttifaqının (Aİ) statistika idarəsi olan "Eurostat"dan bildiriblər.
Beləliklə, Azərbaycandan bu ölkəyə qaz ixracı aylıq hesablamada təqribən 2,09 faiz artıb.
2023-cü ilin cəmi səkkiz ayı ərzində İtaliya Azəbaycandan ümumilikdə 3,3 milyard avro dəyərində 6,02 milyard kubmetr qaz ixrac edib.
Təkcə avqust ayında idxalın dəyəri iyul ayındakı 259,4 milyon avro ilə müqayisədə 252 milyon avro təşkil edərək 2,9 faiz azalma nümayiş etdirib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Avropaya 7,6 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da illik hesablamada 9 faiz artım deməkdir. Bu dövrdə Azərbaycan o cümlədən, Trans-Anadolu boru kəməri (TANAP) vasitəsilə Türkiyəyə 3,8 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr olmaqla 6,7 milyard kubmetr təbii qaz ixrac edib.
Azərbaycan Avropaya Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə qaz tədarük edir. Boru kəmərinin ötürücülük gücü ildə 20 milyard kubmetrədək genişləndirmə imkanı ilə 10 milyard kubmetr təşkil edir.