İğdır-Naxçıvan qaz kəməri regionun enerji təhlükəsizliyinə töhfə verəcək – Vüqar Bayramov (ÖZƏL)

İğdır-Naxçıvan qaz kəməri regionun enerji təhlükəsizliyinə töhfə verəcək – Vüqar Bayramov (ÖZƏL)

Bakı. TurkicWorld:

İğdır-Naxçıvan qaz kəməri regionun enerji təhlükəsizliyinə töhfə verəcək.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov TurkicWorld-a özəl açıqlamasında deyib.

“İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın mavi qaza olan tələbatının bir mənbədən asılılığının aradan qaldırılması baxımından vacibdir. Kəmər vasitəsilə Naxçıvana ildə 750 milyon kubmetrə yaxın mavi qaz nəql ediləcək, daha sonra mavi qazın illik həcmi iki dəfə artırılacaq, bu da Naxçıvanın artan tələbinin ödənilməsinə imkan yaradacaq”, - deyə V.Bayramov qeyd edib.

Onun sözlərinə görə, layihənin əsas üstünlüyü Naxçıvanda mavi qaza olan tələbin fasiləsiz ödənilməsinin təmin edilməsi və Naxçıvanın enerji təhlükəsizliyinin formalaşdırılmasıdır.

“Bundan əlavə, Naxçıvan tam olaraq mavi qazı qardaş Türkiyə vasitəsilə alacaq, bu da asılılığı aradan qaldırmış olacaq. Digər tərəfdən, bu cür kəmərlərin çəkilməsi regionda enerji təminatı baxımından vacibdir. Hətta bu layihə bütövlükdə regionun enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirilir. Gələcəkdə, xüsusilə, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra region üçün xüsusi töhfəsi olacaq”, - deyə millət vəkili əlavə edib.

V.Bayramov hesab edir ki, layihə həm də Azərbaycan və Türkiyə arasında münasibətlərin dərinləşməsini göstərən əsas layihələrdən biri kimi çıxış edəcək.

Qeyd edək ki, 25 sentyabr tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər edib. Səfər çərçivəsində R.T.Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak edib.

Ləman Əsədli

Twitter: lamanasadli01