Azərbaycan qazının tədarükü Bolqarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində dönüş nöqtəsi oldu - nazir müavini

Azərbaycan qazının tədarükü Bolqarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində dönüş nöqtəsi oldu - nazir müavini

Bakı. TurkicWorld:

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) istismara verilməsi maye təbii qaz (MTQ) terminalına, həmçinin Azərbaycandan təbii qazı Bolqarıstana nəql edən Cənub Qaz Dəhlizinə çıxış imkanı təmin etdiyindən dönüş nöqtəsi oldu.

TurkicWorld şənbə günü xəbər verir ki, bunu Bolqarıstanın energetika nazirinin müavini İva Petrova deyib.

O daha bir vacib layihənin Bolqarıstanın "Bulgartransgaz" şirkətinin də pay sahibi olduğu Aleksandrupolisdəki terminal olduğunu qeyd edib.

"Terminalın ilin sonunadək işə düşəcəyinə ümid edirik. "Bulgartransgaz" terminalda 1 milyard kubmetr güc bron edib. Serbiya və Şimali Makedoniya ilə sistemlərarası qaz birləşmələri üzərində, habelə Çirendəki qaz anbarın gücünün artırılması üzərində çalışırıq. Aİ tərəfindən başladılan ümumi qaz tədarükü platformalarında iştirak edirik. Bu səylər həm ölkə, həm də Cənub-Şərqi Avropa regionu üçün tədarüklərin diversifikasiyasına səbəb olub", - nazir müavini deyib.

Qeyd edək ki, Bolqarıstan 1 oktyabr 2022-ci ildə istismara verilmiş Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başlayıb. İnterkonnektorla qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi ötürücülük imkanları ildə 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə 3 milyard kubmetr təşkil edir.

Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə ixrac edir. TAP-ın ilkin ötürücülük gücü ildə 20 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 10 milyard kubmetr təşkil edir.