SOCAR və "Uzbekneftqaz" ticarət üzrə birgə müəssisə yaradacaq

SOCAR və "Uzbekneftqaz" ticarət üzrə birgə müəssisə yaradacaq

Bakı. TurkicWorld:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Uzbeknefteqaz” arasında ticarət üzrə birgə müəssisənin yaradılması haqqında protokol imzalanıb.

TurkicWorld-un məlumatına görə, sənədi mayın 31-dən iyunun 3-dək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Uzbeknefteqaz”ın İdarə Heyətinin sədri Bahodir Siddikov imzalayıblar.

Danışıqlar zamanı tərəflər birgə layihələrin həyata keçirilməsinin hazırkı vəziyyətini, eləcə də əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər. O cümlədən, neft və qazın birgə kəşfiyyatı və hasilatı, müxtəlif sahələrdə daimi təcrübə mübadiləsi və işçilərin ixtisasının artırılması imkanları nəzərdən keçirilib. SOCAR mütəxəssislərinin neft-qaz sənayesində yüksək ixtisaslı olması nəzərə alınaraq, Azərbaycan tərəfi “Özbəkneftqaz” MMC-nin qazma və seysmik işlərinə nəzarətdə iştirak etməyə dəvət olunub.

Bu ilin əvvəlində “Uzbeknefteqaz”ın idarə heyətinin sədri Bahodir Siddikov Trend-ə bildirib ki, birgə müəssisənin yaradılması iki şirkət arasında əməkdaşlığı prinsipcə yeni səviyyəyə qaldıracaq.

"Biz "SOCAR Trading"in çox uğurlu təcrübəsi haqqında məlumatlıyıq. İnanıram ki, yaxın gələcəkdə belə ciddi mərhələlərin şahidi olacağıq", - o əlavə edib.