Mart ayında Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 200 mini ötüb

Mart ayında Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 200 mini ötüb

Bakı. TurkicWorld:

2023-cü ilin mart ayında Türkiyənin Muğla şəhərində yerləşən Muğla-Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 25 faiz artaraq, 254 min 645 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 5 faiz artaraq 203 min 346 nəfər, beynəlxalq reyslər üzrə isə 4,39 dəfə artaraq 51 min 299 nəfər təşkil edib.

Bu ilin mart ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz artaraq 2 min 107 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 1 min 550 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 3,76 dəfə artaraq, 557 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 4 min 117 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq 3 min 624, beynəlxalq reyslər üzrə isə 1,77 dəfə artaraq 493 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 38 milyon 948 min 467 nəfər, yük dövriyyəsi isə 833 min 949 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.