Formula 1 yarışlarının ölkəmizdə keçirilməsinin neçə ildir müsbət təsirlərini müşahidə edirik - Ekspert

Formula 1 yarışlarının ölkəmizdə keçirilməsinin neçə ildir müsbət təsirlərini müşahidə edirik - Ekspert

Bakı. TurkicWorld:

Formula 1 yarışlarının ölkəmizdə keçirilməsinin neçə ildir müsbət təsirlərini müşahidə edirik.

TurkicWorld-un məlumatına görə, bu barədə Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, Formula 1-in Azərbaycanda keçirilməsi ölkənin xaricdə tanıdılması baxımından əhəmiyyətli bir idman tədbiridir.

"Formula 1 yarışı zaman ölkəmizə xeyli sayda turist gəlir. Bu da qeyri-neft sektorunun inkişafına valyuta daxil olması üçün əlavə əhəmiyyətli imkanlar yaradır. Formula 1 bahalı və elit idman növüdür. Yarışı izləməyə gələnlər ölkədə çoxlu vəsait xərcləyirlər. Bu yarış Azərbaycanın dünyaya tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Qran-prisini dünyada milyonlarla adam izləyir. Yarışla bağlı dünya mediasında onlarla xəbər dərc olunur".

Ekspert qeyd edib ki, yarışların turizmə, dolayısı ilə də digər sektorlara müsbət təsiri var.

"Turizmin inkişaf etməsi bir çox sahələrin inkişafına da təsir göstərir. Əsasən də kənd təsərrüfatı, xidmət, nəqliyyat, restoran, və başqa sahələri misal gətirmək olar. Formula 1 mövsümü yeni iş yerlərinin açılışı, vergi ödəmələrində artım, gəlirin artması, valyuta daxil olmasının artması deməkdir", - deyə E.Kərimli qeyd edib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək.