AZAL-ın yeni təyyarələri satın alması Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olacaq - Nazir

AZAL-ın yeni təyyarələri satın alması Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olacaq - Nazir

Bakı. TurkicWorld:

Yeni təyyarələrin satın alması Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Airbus" şirkəti arasında təyyarələrin satın alınması üzrə müqavilənin imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, bu sövdələşmə AZAL-ın 2030-cu ilədək strategiyasının bir hissəsini təşkil edir.

"AZAL Azərbaycanda ildə təqribən bir milyard dollar gəlir əldə edən yeganə şirkətdir. 12 yeni təyyarənin satın alınması Azərbaycanın xarici bazarlarda iştirakını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək", - o deyib.

Nazir AZAL-ın dünyada ən təhlükəsiz aviaşirkətlərdən biri olduğunu deyib.

"Beynəlxalq təşkilatlar AZAL tərəfindən sərnişin daşınmalarının təhlükəsizlyini 80 faizdən yüksək olaraq qiymətləndirirlər ki, bu da Avropanın bir sıra aviaşirkətlərinin göstəricilərini ötüb keçir", - deyə o qeyd edib.

R.Nəbiyev həmçinin aviaşirkətin effektiv fəaliyyətinin təmin olunması istiqamətində mühüm addımların atıldığını bildirib.

"Bu gün QSC doqquz müxtəlif tip təyyarələrdən ibarətdir. Artıq AZAL-ın 2030-cu ilədək strategiyası işlənib hazırlanıb və bu strategiya çərçivəsində şirkətin fəaliyyətinin yaxşılaşdırılması və aviaparkın genişləndirilməsi üzrə genişmiqyaslı işlər görüləcək", - deyə o əlavə edib.

Nazirin sözlərinə görə, 2022-ci ildə AZAL sərnişinlərini 26 müxtəlif istiqamətlərdə daşıyıb.