İslam İnkişaf Bankı Azərbaycanın Qarabağdakı bərpa işlərini yüksək qiymətləndirir

İslam İnkişaf Bankı Azərbaycanın Qarabağdakı bərpa işlərini yüksək qiymətləndirir

Bakı. TurkicWorld:

İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Qarabağa səfər edib.

TurkicWorld bu barədə banka istinadən xəbər verir.

Sədr bir daha İİB-in Azərbaycanda xüsusən Qarabağdakı yenidənqurma, rəqəmsal transformasiya layihələrində, həmçinin bərpa olunan enerji mənbələri sektorunda iqtisadi inkişafın dəstəklənməsinə sadiq olduğunu vurğulayıb.

Əl-Casir İİB-in yeni infrastruktur layihələri maliyyələşdirməyə və lazımi texniki dəstəyi göstərməyə hazır olduğunu təsdiq edib.

İİB nümayəndə heyəti Qarabağ səfəri zamanı cari yenidənqurma layihələri barədə məlumatlandırılıb. Nümayəndələr Azərbaycanın bölgənin yenidən qurulması və inkişafı üzrə səylərini yüksək qiymətləndiriblər.

İİB qrupu Azərbaycanla davamlı əlaqələrə malikdir və ölkənin sosial-iqtisadi inkişafına köməklik göstərməyə çalışır. Qrup Azərbaycanda ümumi məbləği 1,2 milyon dollar dəyərində olan layihələrin maliyyələşdirilməsini təsdiqləyib. Portfelə 956 milyon dollar İİB tərəfindən maliyyələşdirmə, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) tərəfindən təsdiqlənmiş 120,2 milyon dollar, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) tərəfindən ticarət əməliyyatları üzrə 83,4 milyon dollar və İİB qrupunun digər fond və əməliyyatları üzrə 19,4 milyon dollar daxildir. Bundan başqa İslam İnvestisiya və İxrac Kredit Sığorta Korporasiyası (ICIEC) biznesin sığortalanması üçün 92,5 milyon dollar və yeni sığorta öhdəlikləri qismində 75,5 milyon dollar ayırıb.