Bakı,TurkicWorld
2027-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 141 milyard manat olacağı proqnozlaşdırılır.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Proqnoza əsasən, bu, 2026-cı ilin göstəricisi ilə müqayisədə real ifadədə 2,7 faiz artım deməkdir.
Gələn il qeyri-neft-qaz sektoru üzrə ÜDM-in 109,1 milyard manat təşkil edəcəyi gözlənilir. Bu sahədə real artımın 4,4 faiz olacağı proqnozlaşdırılır.
Bildirilib ki, 2023–2027-ci illər ərzində qeyri-neft-qaz sektorunun nominal ÜDM-i 30,1 milyard manat və ya 38,1 faiz artacaq.
Proqnozlara görə, 2027-ci ildə xam neftin bir barelinin orta illik qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya isə 5,3 faiz səviyyəsində olacaq.







