Son dəqiqə

Taleh Kazımov

Azərbaycanda valyutaya tələbin azalması manatla yığımlara inamı əks etdirir

Bakı,TurkicWorld

Azərbaycanda valyuta bazarında tələb azalır, əhalinin bank əmanətləri isə artır. Bu tendensiya əhalinin manatla yığımlarının artması və Mərkəzi Bankın monetar siyasətinin effektivliyi ilə əlaqələndirilir.

TurkicWorld tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ilin əvvəlindən ölkənin valyuta ehtiyatları təxminən 3,9 milyard ABŞ dolları artıb. Bunun 3,6 milyard dolları Mərkəzi Bankın valyuta alışları hesabına formalaşıb, qalan hissə isə digər amillərlə bağlıdır.

T.Kazımov qeyd edib ki, oktyabr ayında valyutaya tələbin azalmasının bir neçə səbəbi ola bilər. Bununla belə, AMB əhalinin manata münasibətində son illərdə müsbət dinamika müşahidə edir. Bu, həm əmanətlərin dollarlaşma səviyyəsinin azalmasında, həm də nağd valyuta bazarında əhalinin daha çox xarici valyuta satmasında özünü göstərir.

"Bəzi ekspertlər və həmkarlarımız hesab edirlər ki, əhali dolanışıq xərclərini qarşılamaq üçün yığımlarında olan dolları sataraq manat alır. Biz bu prosesi də izləyirik. Müşahidələrimiz göstərir ki, əhali dollar satdığı dövrdə bank sektorunda əmanətlərin artımı da kəskin şəkildə davam edir", – deyə o bildirib.

AMB sədri bildirib ki, cari ilin ilk doqquz ayında fiziki şəxslərin tələbli əmanətləri 2,1 milyard manat, müddətli əmanətləri isə 1,4 milyard manat artıb. Beləliklə, bu iki kateqoriya üzrə əmanətlərin ümumi artımı 3,5 milyard manat təşkil edib.

Onun sözlərinə görə, əhalinin nominal gəlirləri statistik məlumatlara əsasən 9,6 faiz, real gəlirləri isə AMB-nin hesablamalarına görə 3,7 faiz artıb.

"Əgər əhalinin gəlirləri olmasaydı, əmanətlərin azalmasını müşahidə edərdik. Çünki insanların yığım imkanları məhdud olardı. Lakin hazırda həm gəlirlər, həm də əmanətlər artır", – deyə T.Kazımov qeyd edib.

O əlavə edib ki, əmanətlərin artımında həm əmanətçilərin sayının, həm də onların yerləşdirdikləri vəsaitlərin həcminin artması rol oynayır. Əmanət artımının əhəmiyyətli hissəsi 30 min manatadək olan əmanətlərin payına düşür.

T.Kazımovun fikrincə, valyuta bazarında tələbin azalması təkcə bank sektorundakı dəyişikliklərlə deyil, həm də əhalinin manata marağının artması və Mərkəzi Bankın həyata keçirdiyi monetar siyasətin nəticələri ilə bağlıdır.

AMB sədri, həmçinin qeyri-neft-qaz sektorunda iqtisadi artımın 2,6 faiz təşkil etməsinin də valyuta bazarındakı tələbə təsir göstərdiyini bildirib.

Mövzuya görə xəbərlər