Bakı,TurkicWorld
Asiya İnkişaf Bankı (AİB) Türkiyə üzrə ilk ölkə direktoru vəzifəsinə Keiju Mitsuhaşini təyin edib.
AİB-in məlumatına əsasən, o, oktyabrın 26-da Ankarada vəzifəsinin icrasına başlayıb.
Bildirilib ki, təyinat bankın Türkiyədə fəaliyyətini genişləndirmək və ölkədəki əməliyyatlarını gücləndirmək məqsədi daşıyır.
Keiju Mitsuhaşi AİB-in Türkiyə üzrə 2025–2027-ci illəri əhatə edən müvəqqəti ölkə tərəfdaşlığı strategiyasına uyğun olaraq bankın bu ölkədəki fəaliyyətinə rəhbərlik edəcək. O, həmçinin 2026-cı ilin dekabrında Ankarada AİB-in müvəqqəti ofisinin yaradılmasına, 2027-ci ildə isə Türkiyə üzrə daimi nümayəndəliyinin açılmasına nəzarət edəcək.
"Türkiyə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən nəqliyyat, enerji və rəqəmsal mərkəz kimi böyük potensiala malikdir. Bu potensialın reallaşdırılması üçün hökumət, özəl sektor və inkişaf tərəfdaşları ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm", – K. Mitsuhaşi bildirib.
O əlavə edib ki, AİB Türkiyənin təbii fəlakətlərə və iqtisadi sarsıntılara davamlılığının artırılmasına, eləcə də özəl sektorun dayanıqlı iqtisadi artıma töhfə verməsi üçün imkanların genişləndirilməsinə dəstək göstərəcək.
Mitsuhaşinin maliyyə və inkişaf sahəsində 27 ildən çox peşəkar təcrübəsi var. O, 2009-cu ildə AİB-ə Mərkəzi və Qərbi Asiya üzrə enerji mütəxəssisi kimi qoşulub və sonradan bir sıra rəhbər vəzifələrdə çalışıb. Onun fəaliyyət sahələrinə regional elektrik enerjisi ticarəti, enerji təhlükəsizliyi, özəl sektorun inkişafı, layihələrin hazırlanması və icrası daxildir.
Son olaraq AİB-in Enerji Sektoru Ofisinin direktoru vəzifəsində çalışan Mitsuhaşi Cənub-Şərqi Asiya və Sakit okean regionunun 25 iqtisadiyyatını əhatə edən, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan layihələr portfelinə rəhbərlik edib. O, həmçinin bankda baş planlaşdırma və siyasət iqtisadçısı, Vyetnam üzrə direktor müavini vəzifələrində çalışıb.
Yaponiya vətəndaşı olan Mitsuhaşi Böyük Britaniyanın Sasseks Universitetində inkişaf araşdırmaları üzrə doktorluq dərəcəsi alıb. O, Yeni Zelandiyanın Massey Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr təhsili də alıb.
Türkiyə AİB-ə 1991-ci ildə qeyri-regional üzv kimi qoşulub, 2025-ci ildə isə regional üzv statusu əldə edib. Bank 2027-ci ilədək ölkəyə illik maliyyələşdirmə öhdəliklərinin orta hesabla 3 milyard ABŞ dolları təşkil edəcəyini gözləyir. Vəsaitlərin zəlzələdən sonrakı bərpa işlərinə, əsas infrastruktur layihələrinə, biznesin inkişafına, enerji təhlükəsizliyinə, səhiyyəyə, təhsilə və aqrobiznesə yönəldilməsi nəzərdə tutulur.
1966-cı ildə yaradılan Asiya İnkişaf Bankı Asiya Sakit okean regionunda dayanıqlı, inklüziv və davamlı iqtisadi artımı dəstəkləyən çoxtərəfli inkişaf maliyyə institutudur. Bankın 69 üzvü var, onlardan 50-si region ölkələridir.






