Bakı.TurkicWorld:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan da daxil olmaqla Mərkəzi və Qərbi Asiya ölkələrində dövlət satınalmaları sistemlərinin və institusional potensialın gücləndirilməsinə yönəlmiş yeni regional texniki yardım (TY) layihəsini nəzərdən keçirir.
Bu barədə TurkicWorld banka istinadən məlumat verir.
"Dövlət satınalmaları və institusional potensial üzrə regional mühitin gücləndirilməsi (Mərkəzi və Qərbi Asiya ölkələrində)" adlı təklif olunan təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına 300 min ABŞ dolları məbləğində maliyyələşdiriləcək.
Layihə regionun geniş ölkələr dairəsini, o cümlədən Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanı əhatə edəcək.
AİB-in məlumatına görə, layihənin əsas təsiri Mərkəzi və Qərbi Asiyada milli satınalma sistemlərinin beynəlxalq qabaqcıl təcrübəyə uyğun şəkildə gücləndirilməsi olacaq. Nəticədə bank tərəfindən maliyyələşdirilən suveren investisiya əməliyyatları çərçivəsində milli satınalma sistemlərindən daha geniş istifadə gözlənilir.
Texniki yardım çərçivəsində bir sıra diaqnostik və analitik tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bunlara İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Satınalma Sistemlərinin Qiymətləndirilməsi Metodologiyası (MAPS) əsasında qiymətləndirmələr, nəticəyönümlü kreditləşmə üçün fidusiar sistemlərin təhlili, eləcə də dövlət elektron satınalma sistemlərinin (e-GP) və agentliklərin effektivliyinin AİB metodologiyaları əsasında icmalı daxildir.
Əlavə fəaliyyət istiqamətlərinə ölkə və sektor səviyyəsində satınalma risklərinin qiymətləndirilməsi (ölkə tərəfdaşlığı strategiyaları nəzərə alınmaqla), həmçinin satınalmaların strateji planlaşdırılması prosesləri daxil ola bilər. Proqram, həmçinin, qoşulmağa namizəd ölkələrdə milli satınalma sistemlərinin Ümumdünya Ticarət Təşkilatının Dövlət Satınalmaları üzrə Sazişinin (GPA) tələblərinə uyğunlaşdırılması üçün hədəfli qiymətləndirmələri də nəzərdə tuta bilər.
Təşəbbüs, həmçinin onların modernləşdirilməsi və AİB tərəfindən maliyyələşdirilən müqavilə şərtləri ilə uyğunluğunun təmin edilməsi məqsədilə regional arbitraj mərkəzlərinin və müvafiq hüquqi çərçivələrin təhlilini nəzərdə tutur. Sorğu əsasında dövlət satınalmaları və müqavilələrin bağlanması sahəsində siyasət və sistem səviyyəsində digər xüsusi qiymətləndirmələr də aparıla bilər.
AİB-də qeyd olunub ki, bir sıra diaqnostik tədbirlər, xüsusilə MAPS qiymətləndirmələri maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin geniş iştirakını nəzərdə tutur. Diaqnostika nəticəsində təşkil olunacaq bilik mübadiləsi tədbirləri də islahatlar çərçivəsində müzakirə və təkliflərin hazırlanması üçün platforma rolunu oynayacaq.
"Dövlət satınalmaları və institusional potensial üzrə regional mühitin gücləndirilməsi (Mərkəzi və Qərbi Asiya ölkələrində)" adlı təklif olunan təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına 300 min ABŞ dolları məbləğində maliyyələşdiriləcək.







