Bakı. TurkicWorld:
Azərbaycan Respublikasında dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Asiya İnkişaf Bankının (ADB) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan Dəmir Yollarının Elektrifikasiyası, Siqnallaşdırma və Telekommunikasiya Layihəsi (Biləcəri–Yalama)" çərçivəsində beynəlxalq tender elan edilib.
TurkicWorld bu barədə banka istinadən xəbər verir.
Tender ARESTP-BY-CW-01 nömrəli müqavilə üzrə – Biləcəri–Yalama dəmir yolu sahəsində elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin layihələndirilməsi və tikintisini əhatə edir. Təkliflərin təqdim olunması üçün son tarix 29 may 2026-cı il, saat 15:00 (Bakı vaxtı) müəyyən edilib.
Layihənin sifarişçisi "Azərbaycan Dəmir Yolları" QSC-dir. Tenderdə Asiya İnkişaf Bankına üzv olan uyğun ölkələrdən olan şirkətlər iştirak edə bilər. Satınalma prosesi ADB-nin "Bir mərhələli, iki zərfli" proseduruna uyğun olaraq keçiriləcək.
Layihə Biləcəri–Yalama dəmir yolu xəttini əhatə edir. Təxminən 192 km uzunluğunda iki xətli bu sahədə 15 stansiya yerləşir. Mövcud elektrikləşdirmə, siqnallaşdırma və rabitə sistemləri köhnəldiyindən onların müasir beynəlxalq standartlara uyğun şəkildə yenilənməsi nəzərdə tutulur. Layihənin icra müddəti layihələndirmə mərhələsi də daxil olmaqla 42 ay təşkil edir.
Bu təşəbbüs Azərbaycanın əsas nəqliyyat arteriyalarından olan Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) çərçivəsində yük daşımalarının daha səmərəli təşkili üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Bakı–Böyük Kəsik istiqamətində aparılan genişmiqyaslı modernləşdirmə proqramının tərkib hissəsidir.
Tenderdə iştirak etmək istəyən şirkətlər üçün əsas tələblər aşağıdakılardır:
1. Son 5 il üzrə maliyyə sabitliyini təsdiq edən sənədlər və müsbət xalis aktivlər;
2. Minimum 130 milyon ABŞ dolları illik tikinti dövriyyəsi;
3. Son illərdə dəyəri 150 milyon ABŞ dolları olan ən azı bir oxşar layihədə iştirak təcrübəsi;
4. Ən azı 50 km dəmir yolu üzrə kontakt şəbəkəsi və siqnallaşdırma sistemlərinin, həmçinin 5 stansiyada telekommunikasiya sistemlərinin qurulması təcrübəsi;
5. Dəmir yolu elektrikləşdirmə və siqnallaşdırma sistemlərinin layihələndirilməsi üzrə ixtisaslaşmış təcrübə.
Layihənin həyata keçirilməsi nəticəsində dəmir yolu xəttində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, qatarların hərəkət sürətinin artırılması və ümumi əməliyyat səmərəliliyinin yaxşılaşdırılması gözlənilir.







