BAKI,TurkicWorld
Azərbaycan yerli şəraitdə yetişdirilən bir sıra balıq növləri üzrə özünütəminetməyə demək olar ki, nail olub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev yeni qəbul olunmuş "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanunu və "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda akvakultura sahəsində nərəkimilər, qızılbalıqkimilər və çəpərkimilərin yetişdirilməsi üçün müvafiq imkanlar mövcuddur.
"Azərbaycan həmin növ balıqların yetişdirilməsində özünü təmin etməyə demək olar ki, nail olub. Gələcəkdə isə ixrac potensialı yüksək olan nərə və nərəkimilərin məhsullarının ixracının həyata keçirilməsi əsas hədəflərimizdəndir", - C.Əliyev bildirib.
Onun sözlərinə görə, yeni "Balıqçılıq haqqında" qanun akvakultura sahəsinin inkişafı üçün əlavə imkanlar yaradacaq. Qanunvericilik çərçivəsində akvakultura sahəsində prosedurların təkmilləşdirilməsi, icazə prosesinin sadələşdirilməsi, dövlət dəstəyi mexanizmlərinin inkişaf etdirilməsi və yetişdirilən balıqların subsidiyalaşdırılması planlaşdırılır.
C.Əliyev qeyd edib ki, proseslərin elektronlaşdırılması subsidiyaların verilməsi üçün müvafiq mexanizmlərin daha səmərəli fəaliyyətinə və ümumilikdə akvakultura sektorunun inkişafına şərait yaradacaq.
Mərkəzin direktoru qanunsuz balıq ovuna nəzarətlə bağlı suala cavabında isə bildirib ki, yeni qanunda balıqçılıq yerlərinin saxlanılması, bərpası və mühafizəsi ilə bağlı məsələlər geniş şəkildə əhatə olunub.
"Qanunsuz ovlanmış balıqların ticarət dövriyyəsinə buraxılmasının qadağan edilməsi ilə bağlı tələblər mövcuddur. Yeni qanundan irəli gələrək balıq ovu qaydalarında da dəyişikliklər ediləcək", - o vurğulayıb.
C.Əliyevin sözlərinə görə, yeni mexanizm çərçivəsində balıq ovu ilə məşğul olan şəxslərin əldə etdikləri məhsullarla bağlı bəyannamələrinin elektron formada təqdim olunması nəzərdə tutulur.
O əlavə edib ki, müvafiq dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası da yeni qanunda nəzərdə tutulub. Beləliklə, ticarət dövriyyəsinə buraxılan balıq məhsullarının növü, çəkisi və ölçüləri barədə məlumatların elektron sistemlərdə əks etdirilməsi mümkün olacaq.
Mərkəz direktorunun sözlərinə görə, bu məlumatların Kənd Təsərrüfatı Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının elektron informasiya sistemləri arasında inteqrasiyası balıq məhsullarının dövriyyəsinin izlənilməsinə və nəzarət mexanizmlərinin gücləndirilməsinə imkan verəcək.






