Bakı. TurkicWorld:
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Yaxın Şərqdəki müharibə yalnız regionda və onun hüdudlarından kənarda insanların həyatını və gəlir mənbələrini məhv etmir, eyni zamanda öncəki böhranlardan sonra bərpa prosesinə başlayan ölkələrin iqtisadi perspektivlərini də pisləşdirir.
TurkicWorld bu barədə fonda istinadla xəbər verir.
Qeyd olunur ki, qlobal şok qeyri-bərabər xarakter daşıyır: ən çox zərər görənlər enerji idxal edən ölkələr, kasıb dövlətlər və məhdud maliyyə ehtiyatlarına malik ölkələrdir.
"Zərərçəkmiş ölkələrdə ciddi iqtisadi nəticələr müşahidə olunur, infrastruktur və sənayenin dağıdılması da daxil olmaqla, bu uzunmüddətli təsirlərə səbəb ola bilər. Bu ölkələrin qısa müddətli böyümə perspektivləri mənfidir.
Eyni zamanda, Asiya və Avropadakı iri enerji idxalçıları yanacaq və xammal xərclərinin artması ilə üzləşirlər: dünya neftinin təxminən 25–30%-i və mayeləşdirilmiş təbii qazın 20%-i Hörmüz boğazından keçir və bu, yalnız Asiyada deyil, bəzi Avropa ölkələrində də tələbatı təmin edir. Neft idxalından daha çox asılı olan Afrika və Asiya ölkələri üçün zəruri tədarükü hətta yüksək qiymətə əldə etmək getdikcə çətinləşir.
Əlavə təzyiq isə ərzaq və gübrə qiymətlərinin yüksəlməsi və maliyyə şərtlərinin sərtləşməsindən yaranır, ələlxüsus da aşağı gəlirli ölkələrdə. Bəzi ölkələr, dəstəyin azalmasına baxmayaraq, xarici yardıma ehtiyac duyə bilərlər", – deyə məlumatda bildirilir.
BVF qeyd edir ki, müharibə qiymətlərin yüksəlməsinə və iqtisadi artımın yavaşlamasına səbəb olacaq: "Qısa müddətli münaqişə neft və qaz qiymətlərinin kəskin artmasına səbəb ola bilər, uzunmüddətli münaqişə isə enerjidaşıyıcıların yüksək qiymətini qoruyaraq idxalçı ölkələr üzərində yükü artıracaq".
"Enerji əsas təsir kanalıdır. Hörmüz boğazının de-fakto bağlanması və region infrastrukturunun zədələnməsi dünya bazarında tarixin ən böyük tədarük pozuntusuna səbəb oldu ki, bu da idxalçı ölkələr üçün gəlirlərinə birdən-birə tətbiq olunan əlavə vergi kimidir.
Çoxsəviyyəli təsir bir neçə regionda müşahidə olunur. Afrika, Yaxın Şərq və Latın Amerikasında enerji idxalçısı ölkələr məhdud büdcə və valyuta ehtiyatları fonunda idxal xərclərinin artımını hiss edirlər.
Böyük Asiya sənaye iqtisadiyyatlarında yanacaq və elektrik xərclərinin artması istehsalın maya dəyərini yüksəldir və əhalinin alıcılıq qabiliyyətini azaldır; bəzi ölkələrdə ödəniş balansına təzyiq artıq valyutalara təsir edir. Avropada böhran 2021–2022-ci illərin qaz böhranının təkrarlanması qorxusunu artırır; İtaliya və Birləşmiş Krallıq qaz elektrik stansiyalarına asılılıq səbəbindən xüsusilə həssasdır, Fransa və İspaniya isə yüksək nüvə və bərpa olunan enerji payı sayəsində nisbətən qorunub", – fond bildirir.
Qeyd olunur ki, Yaxın Şərqdə, Afrika və Latın Amerikasının bir hissəsində neft ixrac edən, bazara tədarük imkanı olan ölkələrdə fiskal və xarici-iqtisadi mövqelər güclənir:
"Tədarükləri məhdud olan istehsalçı ölkələr, o cümlədən Körfəz Əməkdaşlıq Şurasının bəzi üzvlərinin qazanmaq potensialı daha azdır".
"Müharibə eyni zamanda neft və digər əsas materialların təchizat zəncirlərini dəyişdirir. Tankerlərin və konteyner gəmilərinin yönləndirilməsi daşımaların və sığortanın xərclərini, eləcə də çatdırılma müddətlərini artırır. Körfəz regionunun əsas hava qovşaqları ətrafında hava hərəkətinin pozulması qlobal turizmə təsir edir və ticarəti çətinləşdirir.
Xammal qiymətlərinin artımından əlavə, ölkələr, şirkətlər və istehlakçılar təchizat zəncirlərindəki problemlərin nəticələri ilə üzləşirlər. Hörmüz boğazından keçən gübrələrin təxminən üçdə birinin tədarükündəki pozuntular ərzaq qiymətlərinin yüksəlməsi riskini artırır, xüsusilə də şimal yarımkürəsində əkin mövsümündə".
Qeyd olunur ki, sənaye üçün digər materiallarda da çatışmazlıq və qiymət artımı mümkündür:
"Körfəz regionu polad yarımkeçiricilər və tibbi texnologiyada istifadə olunan heliumun böyük hissəsini təmin edir. Elektrikli avtomobillər üçün akkumulyatorlara dünya nikelinin təxminən yarısını təmin edən İndoneziya metal emalı üçün kükürd çatışmazlığı ilə üzləşə bilər. Şərqi Afrika ölkələri, Körfəz ölkələri ilə ticarət və pul köçürmələrindən asılı olanlar xidmət tələbinin azalması, logistika problemləri və pul köçürmələrinin azlığı ilə üzləşirlər".
"Əgər yüksək enerji və ərzaq qiymətləri qalarsa, bu qlobal inflyasiyaya səbəb olacaq. Tarixi baxımdan neft qiymətlərinin davamlı artımı inflyasiyanın yüksəlməsi və böyümənin yavaşlaması ilə müşayiət olunub. Daha yüksək nəqliyyat və istehsal xərcləri malların və xidmətlərin qiymətinə əks olunur.
Təsir regiondan-regiona fərqlənir. Asiyada və qismən Latın Amerikasında, inflyasiya nisbətən aşağı olduğu yerlərdə, enerji və ərzaq qiymətlərinin artımı gözləntilərin davamlılığını sınayacaq, xüsusən zəif valyutaya malik ölkələrdə. Avropada enerji qiymətlərinin yeni sıçrayışı artıq mövcud həyat xərclərini daha da artıracaq. Aşağı gəlirli ölkələrdə ərzaq qiymətlərinin artımı kəskin sosial və iqtisadi nəticələr doğurur.
Müharibə maliyyə bazarlarındakı sabitliyi pozub. Qlobal fond indeksləri azalıb, istiqraz gəlirləri inkişaf etmiş və bir çox inkişaf etməkdə olan ölkələrdə yüksəlib, volatillik artıb. Aktivlərin satışı maliyyə şərtlərini sərtləşdirib.
Təsir fərqlidir. Avropada və bir çox inkişaf etməkdə olan ölkələrdə daha yüksək gəlirlər və kredit spredlərinin genişlənməsi borcun xidmətini artırır və hökumət və şirkətlər üçün təkrar maliyyələşdirməni çətinləşdirir. Səhranın cənubundakı Afrika ölkələrində və Yaxın Şərq, Cənubi Asiya ölkələrinin bəzi yerlərində məhdud ehtiyatlar və bazara çıxış xarici maliyyə şoklarını daha təhlükəli edir, ələlxüsus da yanacaq, gübrə və ərzaq idxal xərcləri artdığı halda", – deyə məlumatda qeyd olunur.







