BAKI,TurkicWorld
2025-ci ildə İtaliyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 21,956 milyon ABŞ dolları təşkil edib.
TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 15,1 milyon dollar və ya 3,2 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İtaliyadan reallaşan investisiyaların payı 0,3% təşkil edib.
Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində İtaliya iqtisadiyyatına 125,1 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 52,7 milyon dollar və ya 1,7 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan İtaliyaya yatırılan investisiyaların xüsusi çəkisi 4,9% təşkil edib.
2024-cü il ərzində İtaliyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 6,8 milyon dollar, əks istiqamətdə isə 72,4 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.







