Bakı. TurkicWorld
Azərbaycan Respublikasında rəqəmsal xidmətlər göstərən qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunub. TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin İdarə rəisinin müavini Günel Bəhramqızı məlumat verib. Qanun layihəsi hazırda Milli Məclisdə müzakirə mərhələsindədir.
Məcburi qeydiyyat üçün 10.000 dollar həddi
Layihəyə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən və alıcısı Azərbaycan Respublikasında olan qeyri-rezidentlərin illik dövriyyəsi 10.000 ABŞ dollarının manat ekvivalentini keçdiyi halda, onlar 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Dövriyyəsi bu həddən aşağı olan qeyri-rezidentlər üçün isə könüllü qeydiyyat mexanizmi nəzərdə tutulur.
İstehlakçıların vergi yükü yüngülləşir
Təklif olunan dəyişikliklərin əsas məqsədi elektron xidmətlər üzrə ƏDV-nin birbaşa xidmət göstərən qeyri-rezident tərəfindən ödənilməsini təmin etməkdir. Bu yanaşma uçota alınmış rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərə münasibətdə yerli istehlakçıların vergi ödəməsi praktikasını aradan qaldırır, vergi intizamının gücləndirilməsinə və vergi yükünün daha ədalətli bölüşdürülməsinə şərait yaradır.
Hansı xidmətlər elektron ticarət sayılmayacaq?
Eyni zamanda, layihədə elektron ticarət anlayışına aid edilməyən xidmətlərin dairəsi də dəqiqləşdirilir. Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətləri, eləcə də internet üzərindən real vaxt rejimində təqdim edilən tədris və təlim xidmətləri fərdiləşdirilmiş və birbaşa qarşılıqlı ünsiyyətə əsaslandığı üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.
Hesabat və ödəniş müddətlərində yenilik
Hazırkı qanunvericiliyə əsasən, vergi bəyannamələrinin təqdim olunması və vergi ödənişləri hesabat dövründən sonrakı ayın 20-dək həyata keçirilir. Təklif olunan dəyişikliklərdə bəyannamənin təqdim edilməsi müddəti dəyişmir. Lakin qeyri-rezidentlər üçün ƏDV-nin ödəniş müddəti hesabat dövründən sonrakı ayın sonuncu gününədək müəyyən edilir. Bu dəyişiklik beynəlxalq ödənişlərin xüsusiyyətləri nəzərə alınmaqla, texniki gecikmələrin qarşısını almaq məqsədi daşıyır.
Altı aylıq keçid dövrü
Qanun layihəsində 6 aylıq keçid dövrünün müəyyən edilməsi rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərə vergi uçotu, hesabat və ödəniş sistemlərini yeni tələblərə uyğunlaşdırmaq məqsədini daşıyır. Qeyd edək ki, təklif olunan dəyişikliklər beynəlxalq təcrübəyə və rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması üzrə müasir yanaşmalara uyğun həyata keçirilir.







