Məşğulluq məqsədi ilə Türkiyədən Rusiyaya səfər edənlərin sayı açıqlanıb (ÖZƏL)

Məşğulluq məqsədi ilə Türkiyədən Rusiyaya səfər edənlərin sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədən Rusiyaya məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Bu barədə TurkicWorld -a Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Rusiyaya iş axtarmaq üçün gələnlərin sayı 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,5 dəfə artıb.

İŞKUR-dan qeyd ediblər ki, bu dövr ərzində Rusiyaya qurum vasitasilə iş tapmaq üçün 891 Türkiyə vətəndaşı səfər edib.

Məlumatda o da qeyd edilib ki, ümumilikdə, hesabat dövründə 10 min 879 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün İŞKUR vasitəsi ilə xaricə səfər edib. Bu, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 23,4 faiz çoxdur.

“Bu ilin avqust ayında İŞKUR vasitəsilə Türkiyədə 197 min 533 nəfər məşğulluğa cəlb olunub. İşlə təmin edilənlərin 63,3 faizi kişi, 36,7 faizi isə qadındır. avqust ayında Türkiyədə işsiz sayı 3 milyon 343 min 638 nəfər təşkil edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,5 faiz azdır", - deyə İŞKUR-dan bildirilib.