Türkiyədən İraqa işləmək məqsədi ilə gələnlərin sayı kəskin artıb (ÖZƏL)

Türkiyədən İraqa işləmək məqsədi ilə gələnlərin sayı kəskin artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-iyun aylarında Türkiyədən İraqa məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən İraqa iş axtarmaq üçün gələnlərin sayı 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1,5 dəfə artıb.

İŞKUR-dan qeyd ediblər ki, bu dövr ərzində İraqa qurum vasitasilə iş tapmaq üçün 1 min 36 Türkiyə vətəndaşı səfər edib.

Məlumatda o da qeyd edilib ki, ümumilikdə, hesabat dövründə 8 min 393 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün İŞKUR vasitəsi ilə xaricə səfər edib. Bu, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 36 faiz çoxdur.

“Bu ilin iyun ayında İŞKUR vasitəsilə Türkiyədə 154 min 37 nəfər məşğulluğa cəlb olunub. İşlə təmin edilənlərin 60,1 faizi kişi, 39,9 faizi isə qadındır. İyun ayında Türkiyədə işsiz sayı 3 milyon 568 min 171 nəfər təşkil edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 0,9 faiz çoxdur", - deyə İŞKUR-dan bildirilib.