Son dəqiqə

Azərbaycan Azərbaycan Mərkəzi Bankı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Vüsal Qasımlı Azərbaycan Sığortaçılar Assosiasiyası Vüsal Qurbanov PAŞA Həyat Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası InsurTech Urxan Ələkbərov Ülviyyə Cabbarova Elmar Mirsalayev İcbari Sığorta Bürosu Vüsal Məsiyev Lətif Zeynallı

İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

TurkicWorldxəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitab Azərbaycanda sığorta sektorunun rəqəmsal transformasiyasını sistemli şəkildə təhlil edən ilk fundamental akademik nəşrdir.

Tədbirdə dövlət qurumlarının, akademik ictimaiyyətin və sığorta sektorunun nümayəndələri iştirak ediblər.

İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı bildirib ki, dərs vəsaiti sığorta və texnologiyanın sintezini yalnız texniki yeniliklər kontekstində deyil, strateji idarəetmə, tənzimləmə mühiti və bazar davranışları prizmasından araşdıraraq ölkənin sığorta ekosistemi üçün yeni intellektual çərçivə formalaşdırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxışında dərs vəsaitinin ali təhsil müəssisələrində sığorta işi və maliyyə ixtisasları üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm elmi mənbə olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov çıxışında sığorta sektorunda texnoloji innovasiyaların tənzimləmə mühiti ilə uzlaşdırılmasının vacibliyini vurğulayaraq, “InsurTech” dərs vəsaitinin bu sahədə balanslı və sistemli yanaşmanı əks etdirdiyini bildirib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri, “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova kitabın real sektor təcrübəsinə əsaslanan məzmununun sığorta bazarında çalışan mütəxəssislər üçün praktiki əhəmiyyət daşıdığını qeyd edərək, “İnsurTech” həllərinin müştəri mərkəzli xidmət modellərinin inkişafında rolunu xüsusi vurğulayıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev çıxışında dərs vəsaitinin ölkədə sığorta sahəsində ilk dəfə olaraq “İnsurTech” mövzusunu kompleks şəkildə əhatə etdiyini bildirərək, nəşrin sektorun gələcək inkişafına dair strateji baxış formalaşdırdığını qeyd edib.

İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev isə çıxışında sığorta fəaliyyətində rəqəmsal həllərin, xüsusilə blokçeyn və avtomatlaşdırılmış sistemlərin şəffaflıq və etimad mühitinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Təqdimat mərasimində qeyd olunub ki, “InsurTech” dərs vəsaiti sığorta sektorunda rəqəmsal transformasiyanın elmi əsaslarla öyrənilməsi, beynəlxalq təcrübənin milli kontekstdə tətbiqi və müasir texnoloji yanaşmaların tədris prosesinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Layihənin rəhbəri İİTKM-in Dövlət proqramları şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Urxan Ələkbərovdır.

Dərs vəsaiti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikası Mərkəzi Bankı, eləcə də “PAŞA Həyat Sığorta” ASC, “AzSığorta” ASC, “Xalq Həyat” Sığorta Şirkəti ASC, “PAŞA Sığorta” ASC, “Meqa Sığorta” ASC, İcbari Sığorta Bürosu, “Doğa Sığorta”, “İnsurtech Hub”, “Allianz Türkiyə” və “Zurich Yaşam ve Emeklilik” kimi təşkilatları təmsil edən 12 müəllif tərəfindən yazılıb.

Mövzuya görə xəbərlər