BAKI,TurkicWorld
İtaliya və Azərbaycan iqtisadi tərəfdaşlığın inkişaf etdirilməsi üzrə Tədbirlər planı qəbul etmək niyyətindədir.
TurkicWorld xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində İtaliya- Azərbaycan Hökumətlərarası Komissiyasının Bakıdakı altıncı iclası münasibətilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Çirielli bildirib.
Çiriellinin sözlərinə görə, hökumətlərarası komissiyanın iclası İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Bakıya rəsmi səfərindən sonra formalaşmış müsbət dinamikanın inkişafı üçün optimal platforma olacaq. O xatırladıb ki, səfər 1 oktyabr 2025-ci ildə baş tutub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən İtaliya–Azərbaycan Universitetinin yeni kampusunun açılışı ilə əlaqədar təşkil olunub.
E.Çirielli həmçinin İtaliya Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Antonio Tayaninin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla 27 noyabr 2025-ci ildə Romada keçirilmiş görüşünü də xatırladıb.
"Yüksək səviyyəli məhsuldar siyasi dialoq çərçivəsində ikitərəfli əməkdaşlığın dərinləşməsi fonunda hesab edirəm ki, İtaliya ilə Azərbaycan arasında tərəfdaşlığın daha da genişləndirilməsi, eləcə də strateji neft-qaz sektorundan kənarda iqtisadi qarşılıqlı fəaliyyətimizin şaxələndirilməsi üçün əlverişli zəmin mövcuddur", – deyə Çirielli bildirib.
Nazir müavini qeyd edib ki, bu kontekstdə hökumətlərarası komissiya qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə və ümumi məqsədlərin həyata keçirilməsinə diqqət yetirəcək.
"Bunlara hər iki ölkədə investisiya və biznesin inkişafı üçün əlavə imkanların yaradılması, İtaliya ixracının payının artırılması, həmçinin Azərbaycanın əsas layihələrinin həyata keçirilməsində İtaliya şirkətlərinin iştirakının genişləndirilməsi daxildir. Hökumətlərarası komissiyanın İtaliya üzrə həmsədri kimi mən həmkarım – Azərbaycanın energetika naziri Pərviz Şahbazov, eləcə də bütün aidiyyəti nazirliklərlə sıx əməkdaşlığa, energetika, nəqliyyat, infrastruktur, informasiya texnologiyaları, səhiyyə, gömrük sahəsi, turizm, şəhərsalma, elm və təhsil kimi əsas sektorlar üzrə Azərbaycanla iqtisadi tərəfdaşlığı daha da inkişaf etdirəcəyimizə və möhkəmləndirəcəyimizə ümid edirəm", – deyə Çirielli əlavə edib.
O bildirib ki, hökumətlərarası komissiyanın iclası iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi yollarının hərtərəfli müzakirəsi üçün imkan yaradacaq.
"Bu kontekstdə görüşün əsas nəticələrindən biri İtaliya ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlığın inkişafında bizim üçün yol xəritəsi rolunu oynayacaq Fəaliyyət Planının qəbul edilməsi olacaq. Hökumətlərarası komissiya həmçinin Romada Antonio Tayani və Ceyhun Bayramovun görüşü zamanı müzakirə edilmiş və bu ilin sonlarında prioritet biznes istiqamətlərində fəaliyyət göstərən özəl şirkətlərin iştirakı ilə keçirilməsi gözlənilən İtaliya–Azərbaycan biznes forumuna hazırlıq mərhələsi olacaq", – deyə nazir müavini vurğulayıb.
Enerji əməkdaşlığının genişləndirilməsi
Çirielli həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli infrastrukturdur.
"Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Azərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyi və Rusiya qazından imtina prosesinin dəstəklənməsi baxımından kritik əhəmiyyət kəsb edib. 2020-ci ildə istismara verildiyi vaxtdan Transadriatik Qaz Kəməri (TAP) artıq İtaliyaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib ki, bu da Bakını ölkəmizin ikinci ən böyük qaz tədarükçüsünə çevirib", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, indiyədək əldə olunmuş müsbət nəticələri nəzərə alaraq, İtaliya hökuməti bazar qiymətləndirmələri əsasında və beynəlxalq maliyyə institutlarının fəal iştirakı ilə Cənub Qaz Dəhlizinin mümkün genişləndirilməsini maraqla nəzərdən keçirir.
Bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivlərinə toxunan xarici işlər nazirinin müavini bildirib ki, İtaliyanın bərpa olunan enerji mənbələri (BEM) üzrə təcrübəsi Azərbaycanın enerji sektorunun şaxələndirilməsi strategiyasına mühüm töhfə verə bilər.
"İtaliya ‘yaşıl’ energetika sektorunun inkişafına əhəmiyyətli resurslar yatırır. Bu gün biz bərpa olunan enerji mənbələri sahəsində dünyanın ən böyük operatorlarından biriyik. İtaliyanın BEM və ‘yaşıl’ enerji üzrə təcrübəsi Azərbaycanın enerji şaxələndirilməsi strategiyasının həyata keçirilməsinə və yeni investisiya imkanlarının yaradılmasına töhfə verə bilər", – deyə Çirielli bildirib.
O vurğulayıb ki, İtaliyanın "CESI SpA" şirkəti artıq Azərbaycanla fəal əməkdaşlıq edərək "yaşıl" enerji dəhlizi layihələrinin, eləcə də Transxəzər interkonnektorunun texniki-iqtisadi əsaslandırmalarını aparır. Bu layihələr Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji bazarlarının Şərqi Avropa ilə inteqrasiyasını təmin edə və bərpa olunmayan yanacaq növlərindən asılılığın azaldılmasına töhfə verə bilər.
Bununla yanaşı, onun sözlərinə görə, İtaliya şirkətləri emal sənayesinin inkişafına da töhfə verə, Azərbaycanın tullantıların idarə olunması sisteminin səmərəliliyinin artırılmasına yönəlmiş dövlət proqramlarını dəstəkləyə bilərlər.
O əlavə edib ki, eyni zamanda tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş yeni saziş və memorandumlar üzrə danışıqların sürətləndirilməsində maraqlıdırlar.
İqtisadi tərəfdaşlığın daha da şaxələndirilməsi barədə
Çirielli qeyd edib ki, TAP-ın 2020-ci ildə istismara verilməsindən sonra ikitərəfli ticarət əlaqələri əhəmiyyətli dərəcədə artıb.
"Bu gün neft və qaz ticarəti ikitərəfli əmtəə dövriyyəsinin əsas hissəsini təşkil edir. İqtisadi tərəfdaşlığın daha da genişləndirilməsi üçün ticarət əlaqələrimizi şaxələndirməyə çalışırıq. Bu, həmçinin hökumətlərarası komissiyanın əsas məqsədlərindən biridir. Komissiya tərəfdaşlığımızın real şəkildə iqtisadi əlaqələrimizi gücləndirə biləcək əsas istiqamətlər üzrə genişləndirilməsinə yönəlib", – deyə İtaliyanın xarici işlər nazirinin müavini bildirib.
İnvestisiya imkanları
Çirielli qeyd edib ki, neft-qaz sektoru Azərbaycanda xarici investisiyaların əsas dayağı olaraq qalsa da, hökumətlərarası komissiya digər mühüm istiqamətlərə də xüsusi diqqət yetirəcək.
"Əhəmiyyətli investisiya və biznes imkanları nəqliyyat və logistika infrastrukturu ilə bağlı layihələr çərçivəsində, xüsusilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz kontekstində, həmçinin Azərbaycanda yeni nəqliyyat və infrastruktur obyektlərinin inkişafı zamanı yarana bilər. Kənd təsərrüfatının müasirləşdirilməsi, İKT-nin inkişaf proqramları, səhiyyə və əczaçılıq sahələrindəki imkanlar da az maraq doğurmur", – deyə nazir müavini vurğulayıb.
Çirielli həmçinin qeyd edib ki, İtaliya hökuməti xarici investorlar üçün əlverişli şərait yaradaraq xarici investisiyaların cəlb olunmasında fəal siyasət yürüdür.
"İtaliya energetika, şəbəkələr, telekommunikasiya və nəqliyyat kimi əsas sektorlarda əhəmiyyətli investisiya imkanları təklif edir. Avropada ikinci ən böyük istehsal iqtisadiyyatına malik olan İtaliya, 500 milyon istehlakçıdan ibarət Avropa İttifaqı bazarına giriş üçün əsas ‘qapılardan’ biridir. Bu baxımdan, Dövlət Neft Fondunun (SOFAZ) İtaliyada investisiya imkanlarından istifadə etməyə göstərdiyi marağı alqışlayır və Azərbaycan şirkətləri və investisiya fondları tərəfindən ölkəmizə yönələcək gələcək investisiyalara müsbət yanaşırıq", – deyə nazir müavini izah edib.
İtaliyanın Orta Dəhlizə marağı
İtaliyanın Xarici İşlər Nazirinin müavini bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya Avropa ilə Asiya arasında nəqliyyat marşrutları üçün əsas regionlara çevrilir.
"Orta Dəhliz Cənubi Qafqazın və Mərkəzi Asiyanın artan strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirir və İtaliya hökuməti həm ikitərəfli səviyyədə, həm də Aİ-nin Azərbaycanla münasibətləri çərçivəsində bu regionla əməkdaşlığın daha da gücləndirilməsinə qətiyyətlə sadiqdir. Bu baxımdan, İtaliya hökuməti Vaşinqton sammitinin nəticələrini də nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə cari prosesi tam dəstəkləyir. Hesab edirik ki, regionda nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi bu tarixi prosesin möhkəmlənməsinə, həmçinin Orta Dəhliz marşrutu boyunca yerləşən qonşu ölkələrlə əməkdaşlığın genişlənməsinə müsbət töhfə verə bilər", – deyə o vurğulayıb.
O həmçinin qeyd edib ki, Orta Dəhlizin tam şəkildə özünü gerçəkləşdirməsi üçün dəmir yollarına, limanlara, avtomobil yollarına və digər logistika infrastrukturuna əhəmiyyətli investisiyalar tələb olunur.
"İtaliya şirkətləri artıq bu layihələrdə, xüsusilə dəmir yolu sektorunda iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Hökumətlərarası komissiya həmçinin İtaliyanın Orta Dəhlizlə bağlı layihələrin həyata keçirilməsində Azərbaycana dəstək verməyə hazır olduğunu təsdiqləmək, eləcə də İtaliya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanlarının daha da genişləndirilməsi ilə bağlı gözləntilərimizi ifadə etmək üçün mühüm platforma olacaq", – deyə Çirielli yekunlaşdırıb.






