Son dəqiqə

Azərbaycan Estoniya Orta Dəhliz AS Eesti Raudtee Artur Rayxman

Estoniya və Azərbaycan dəmir yolu sahəsində yükdaşımaların genişləndirilməsi üçün potensial görür

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Estoniya və Azərbaycan dəmir yolu sahəsində yükdaşımalarının artırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi üçün potensialın mövcud olduğunu düşünür.

Bu barədə TurkicWorld-a müsahibəsində Estoniya Dəmir Yollarının (AS Eesti Raudtee) kommersiya direktoru Artur Rayxman bildirib.

Onun sözlərinə görə, hazırda Estoniya ilə Azərbaycan arasında dəmir yolu əməkdaşlığı kifayət qədər məhduddur. “Yükdaşımaların həcmi azdır – ümumi dövriyyənin təxminən 1 faizini təşkil edir və əsas axınlar Azərbaycandan Estoniyaya doğru yönəlib. Biz bu vəziyyəti dəyişmək, əks istiqamətdə daşımalar üçün imkanları müəyyənləşdirmək və ümumi yük axınının həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyik. Estoniya informasiya texnologiyaları sahəsindəki təcrübəsini təqdim edib ki, bu da əməkdaşlıq üçün perspektivli istiqamət kimi dəyərləndirilir. Rəqəmsal tərəfdaşlıq üçün konkret başlanğıc nöqtəsi mövcud yükdaşımalarla bağlı məlumatların rəqəmsal mübadiləsinin tətbiqi, daha sonra isə yük vaqonlarının hərəkəti barədə real vaxt rejimində informasiya mübadiləsi ola bilər”, - deyə A.Rayxman qeyd edib.

O əlavə edib ki, Estoniyanın Orta Dəhlizə mümkün inteqrasiyası müzakirə olunsa da, hələlik bu marşrutdan istifadə edən konkret nəqliyyat layihələri mövcud deyil.

A.Rayxmanın sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq layihələrin hazırlanması üzrə fəal iş aparılır.

Mövzuya görə xəbərlər