Fransa mətbuatı xarici investorların Azərbaycana marağından yazıb

Fransa mətbuatı xarici investorların Azərbaycana marağından yazıb

Bakı. TurkicWorld:

Fransanın “musulmansenfrance.fr” xəbər portalı müsəlman ölkələri üzrə siyasi ekspert Karim İfrakın Azərbaycanın multikultural, çox konfessiyalı bir ölkə olması, eləcə də davamlı iqtisadi inkişafa malik olması barəsində məqalə dərc edib.

TurkicWorld-un məlumatına görə, məqalədə qeyd olunur ki, SSRİ-nin süqutundan sonra bir sıra mühüm siyasi, iqtisadi və sosial çağırışlarla qarşı qarşıya qalan, təbii və hər şeydən əvvəl insan resursları ilə zəngin olan Azərbaycan özünün çoxəsrlik tarixini unutmadan, hər gün daha böyük müsbət tərəqqiyə doğru əmin-amanlıqla irəliləyir.

“Avropa və Asiyanın qlobal əhəmiyyətli yol şəbəkələrini özündə birləşdirən Azərbaycan çoxsaylı dəmir yolu və avtomobil yolları şəbəkələrini inkişaf etdirmək, beynəlxalq standartlara cavab verən hava limanlarını yerli və xarici turistlərin istifadəsinə vermək və [Xəzər] dəniz yolu ilə enerji ticarəti qurmaq üçün bir sıra irimiqyaslı layihələrə imza atıb”-deyə, məqalədə bildirilir.

Müəllif həmçinin onu da əlavə edib ki, Azərbaycan güclü beynəlxalq nüfuza malikdir və davamlı şəkildə dünyanın hər yerindən investorları ölkəyə sərmayə yatırmağa cəlb edir.

“ABŞ, İngiltərə, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Belçika, Norveç, İsveç, Yaponiya və bir çox başqa ölkələrin beynəlxalq əhəmiyyətli şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Fransanın 40-dan çox iri şirkəti Azərbaycanla əməkdaşlıq edir. Alstom, Danone, Lafarge, Société Générale və Suez kimi şirkətlər yalnız bir neçə nümunədir. Bundan başqa TOTAL şirkəti Bakı, Tbilisi və Ceyhanı (BTC) birləşdirən neft kəmərini idarə edən beynəlxalq konsorsiumda 5%-lik paya sahibdir”- deyə məqalədə vurğulanıb.