Bakı, TurkicWorld
"SOCAR Green" yaşıl hidrogenin istehsal potensialını qiymətləndirmək məqsədilə araşdırmalar başlayıb.
Bu barədə TurkicWorld-in sorğusuna şirkətdən cavab veriblər.
"Karbon tullantılarının azaldılmasına və bərpa olunan enerjinin inkişafına sadiq qalaraq, ölkədə "yaşıl" hidrogen istehsalının imkanlarını aktiv şəkildə araşdırırıq. Onun məqsədəuyğunluğunu qiymətləndirmək üçün kompleks araşdırmalara start vermişik. Bu tədqiqatlar Azərbaycanın enerji balansının şaxələndirilməsi və bərpaolunmayan yanacaqlardan asılılığın azaldılması üzrə daha geniş hədəflərinə uyğundur", – deyə SOCAR Green-də qeyd edilib.
Şirkət "yaşıl" hidrogenin müxtəlif istifadə variantlarını nəzərdən keçirir. Buraya onun ixracı, "yaşıl" ammonyak və gübrə istehsalı ilə inteqrasiyası, həmçinin enerji saxlama sistemlərində tətbiqi daxildir. Məqsəd ən perspektivli istiqaməti müəyyən etməkdir.
"Bu prosesdə biz müxtəlif beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edirik", – deyə SOCAR Green-də əlavə edilib.
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə məsləhətçi şirkət "Advisian" tərəfindən hazırlanan Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırmasına (Low Carbon Hydrogen Economy Market Study) əsasən, Azərbaycanın aşağı karbonlu hidrogen iqtisadiyyatının inkişafı üçün əhəmiyyətli potensiala malik olduğu müəyyən edilib. Hesabatda ölkənin( həm quruda, həm də şelfdə) böyük bərpa olunan enerji resurslarına sahib olduğu vurğulanıb.
Araşdırma "yaşıl" hidrogen istehsalının kommersiya baxımından səmərəli olduğunu təsdiqləyib, həmçinin onun Avropa İttifaqı da daxil olmaqla, regional enerji bazarlarına tədarük imkanlarını üzə çıxarıb. Bundan əlavə, hesabatda hidrogenin milli istehlakda istifadəsi sahələri müəyyən edilib, Azərbaycanda enerji və sənaye sektorlarında hidrogen texnologiyalarının tətbiqi perspektivləri araşdırılıb, onun istehsalının maya dəyəri (LCOH) qiymətləndirilib və potensial ixrac marşrutları nəzərdən keçirilib.
X: @Lyaman_Zeyn