Bakı. TurkicWorld:
Ötən il İsveçrənin Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 64,396 milyon ABŞ dolları təşkil edib.
Bu barədə TurkicWorld Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 6,241 milyon ABŞ dolları və ya 8,8% azalıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrədən yatırılan investisiyaların payı 0,9% təşkil edib.
Öz növbəsində, Azərbaycan ötən il İsveçrə iqtisadiyyatına 66,591 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 25,907 milyon ABŞ dolları və ya 63,7% çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrəyə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 3,8% təşkil edib.
2023-cü ildə İsveçrədən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 70,637 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 40,684 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.