Aİ-nin Azərbaycandakı nümayəndəliyi ölkə biznesinə maliyyə yardımı göstərəcək - Peter Mixalko

Aİ-nin Azərbaycandakı nümayəndəliyi ölkə biznesinə maliyyə yardımı göstərəcək - Peter Mixalko

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ölkə biznesinə iki milyard avro həcmində maliyyə yardımı göstərəcək.

TurkicWorld-un məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko “Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihələrinin tamamlanmasına həsr olunan tədbirdə deyib.

O bildirib ki, bu maliyyələşmə aləti 25 minədək sahibkarı əhatə edəcək.

"Azərbaycan hökuməti kiçik və orta biznesin inkişafı sahəsində irəliləyişə nail olub. Biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edərək bu irəliləyişin şahidi olmuşuq. Biz Azərbaycanda KOB subyektlərinə maliyyə dəstəyini davam etdirəcəyik", - deyə o bildirib.

P.Mixalko qeyd edib ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyi həm də sahibkarlığın mikrokreditləşməsinin təhlilini keçirib.

"Bu işlər çərçivəsində biz Azərbaycan tərəfinə tövsiyələrimizi vermişik və Avropa təcrübəsinin daha çox inteqrasiyasını planlaşdırırıq", - o deyib.

Onun sözlərinə görə, Aİ-nin Azərbaycandakı nümayəndəliyi və KOBİA sahibkarlığın rəqəmsallaşması və "yaşıl" texnologiyalara keçid üzrə layihələr reallaşdırır.