Bakı, TurkicWorld
İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) işə başlaması üçün 1 milyard ABŞ dolları məbləğində ilkin kapital toplanması və fonda ən azı 10 donor-ölkənin cəlb edilməsi planlaşdırılır.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda karbon emissiyalarının qiymətləndirilməsi üzrə Beynəlxalq Forumda bildirib.
"Bizim fikrimizcə, bu məsələ COP29 çərçivəsində müzakirə olunacaq əsas mövzularından biridir", - deyə, nazir vurğulayıb.
Nazir, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun əsas məqsədinin, qalıq yanacaq ehtiyatlarına malik ölkələrin və bu sektorun şirkətlərinin ‘yaşıl’ texnologiyalara keçidindəki töhfəsini artırmaq olduğunu qeyd edib.
"COP29 gündəliyindəki əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılmasıdır. Bu fond, indiyə qədər mövcud olan İqlim maliyyələşdirilməsindəki boşluqların aradan qaldırılmasında mühüm rol oynaya bilər. Fondun əsas kapital mənbələrinin qalıq yanacaq istehsalı ilə məşğul olan ölkələr və neft, qaz və kömür hasilatı sahəsində fəaliyyət göstərən şirkətlər olması nəzərdə tutulur. Fondun başlıca məqsədi, yalnız inkişaf etməkdə olan ölkələrdə və kiçik ada dövlətlərində iqlim təşəbbüslərinə investisiya yatırmaq deyil, həm də qalıq yanacaq ehtiyatlarına malik ölkələrin və bu sektorun şirkətlərinin ‘yaşıl’ texnologiyalara keçidindəki töhfələrini artırmaqdır", - o, vurğulayıb.
Nazir xatırladıb ki, Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mühüm bir tədbir keçiriləcək.
"Bu günkü tədbir, COP29-un məqsədləri ilə birbaşa bağlıdır. Gündəliyimizdə dekarbonizasiyanın prosesində fiskal alətlərin rolunun qiymətləndirilməsi var. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və IOTA üzv ölkələrinin nümayəndə heyətləri ilə bu məsələnin müzakirəsi bizim üçün son dərəcə məhsuldar olacaq", - Mikayıl Cabbarov əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda karbon emissiyalarının qiymətləndirilməsi üzrə Beynəlxalq Forum keçirilir. Forum Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə birgə təşkil olunub.