BAKI, TurkicWorld, Orxan Qədirzadə
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Hacıqabul rayonunda vətəndaşları qəbul edib.
TurkicWorld xəbər verir ki, qəbul Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq regionlarda təşkil olunan vətəndaş görüşləri çərçivəsində baş tutub.
Qəbuldan əvvəl mədəniyyət naziri Adil Kərimli və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Hacıqabul şəhərində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak edərək müxtəlif məsələlərlə bağlı müraciətlərini təqdim ediblər.
Vətəndaşların müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsində layihə və təşəbbüslər, həmçinin digər sosial məsələlərlə bağlı olub.
Nazir vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verildiyini bildirib.
Qəbul zamanı şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.







