Bakı. TurkicWorld:
Bakıda "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda forum keçirilir.
Trend xəbər verir ki, forumda Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və digər rəsmilər iştirak edirlər.
Forumun məqsədi vergi sistemində yeni idarəetmə modellərinin, rəqəmsal həllərin və data əsaslı qərarvermə mexanizmlərinin müzakirəsi, həmçinin vergi qanunvericiliyində aparılan dəyişikliklər və vergi inzibatçılığında müasir yanaşmaların təqdim edilməsidir.
Forum çərçivəsində vergi sistemində gender məsələlərinə dair videoçarx nümayiş etdiriləcək və vergi ödəyicilərinin təltif edilməsi mərasimi keçiriləcək.
Daha sonra təqdimatlar bölməsində rəqəmsal iqtisadiyyatın inkişafı və vergi inzibatçılığında rəqəmsal həllər mövzusunda birgə təqdimat keçiriləcək. Təqdimatda 4SİM-in icraçı direktoru Fariz Cəfərov, Dövlət Vergi Xidmətinin Data analitika idarəsinin rəisi Roman Bandurin və Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbə rəisi Günay Mahmudova çıxış edəcəklər.
Bundan əlavə, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov və həmin idarənin şöbə rəisi Gülnar Ağazadə tərəfindən vergi qanunvericiliyinə edilən dəyişikliklər və formalaşmış stereotiplər mövzusunda təqdimat olacaq.
Forum çərçivəsində intizamlı vergi ödəyicilərinə təşəkkür videoçarxı nümayiş etdiriləcək, vergi ödəyicilərinin növbəti təltifetmə mərasimi keçiriləcək.
Xəbər yenilənəcək







