Son dəqiqə

Amsterdam Niderland yəhudi məktəbi

Amsterdamda yəhudi məktəbində partlayış baş verib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Niderlandın paytaxtı Amsterdamda yəhudi məktəbi yaxınlığında baş verən partlayış şəhər rəhbərliyi tərəfindən yəhudi icmasına qarşı yönəlmiş qəsdən hücum kimi qiymətləndirilib.

TurkicWorld xəbər verir ki, partlayış Amsterdamın cənubunda yerləşən yaşayış məhəlləsində baş verib. Nəticədə məktəbin divarının bir hissəsi yanıb, yağış borusu zədələnib.

Şəhərin meri Femke Halsema hadisəni yəhudi icmasına qarşı yönəlmiş aqressiv hücum kimi qiymətləndirib və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.

Onun sözlərinə görə, Amsterdamda yəhudi icması son dövrlərdə antisemitizm halları ilə daha çox üzləşir və bu cür hadisələr qəbuledilməzdir.

Qeyd olunub ki, sözügedən təhsil müəssisəsi Niderlandda pravoslav yəhudilər üçün fəaliyyət göstərən yeganə məktəbdir. Əvvəllər də təhlükəsizlik səbəbilə məktəbin ətrafı metal hasarla qorunurdu.

Bundan əvvəl Rotterdamin mərkəzində yerləşən sinaqoqlardan birində gecə saatlarında baş verən yanğın hadisəsindən sonra ölkədə yəhudi dini və ictimai obyektlərinin təhlükəsizliyi artıq gücləndirilmişdi.

Belçikanın Liej şəhərində də ötən həftə sinaqoqlardan birində partlayış nəticəsində yanğın baş verdiyi bildirilir.

Niderlandın baş naziri Rob Yetten Amsterdamdakı hadisəni “dəhşətli” adlandıraraq bunun yəhudi icması arasında qorxu və narahatlıq yaratdığını bildirib.

Qlobal miqyasda yəhudi icmalarına qarşı hücum təhlükəsi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və Tehranın cavab addımlarından sonra artıb.

Bu həftə ABŞ-ın Miçiqan ştatında yerləşən Detroit şəhərində də bir nəfər avtomobili sinaqoqa çırparaq yanğın törədib. Hadisəni törədən şəxsin daha sonra özünü güllələdiyi bildirilib.

Mövzuya görə xəbərlər