Bakı, TurkicWorld
Sentyabrın 18-də Bakıda İtki və Zərərə cavab verən Fondun İdarə Heyətinin 3-cü iclası öz işinə başlayıb. İqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı xüsusi həssas olan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə təsis edilmiş Fondun yaradılması barədə qərar COP27, işə salınması ilə bağlı qərar COP28-də qəbul edilsə də Fond əməli fəaliyyətə başlamayıb.
TurkicWorld xəbər verir ki, Azərbaycanın İdarə Heyətinin 3-cü iclasına BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ev sahibliyi etməsi Fondun əməli fəaliyyətə başlaması istiqamətində tarixi əhəmiyyət daşıyır.
Bu, eyni zamanda, ölkəmizə olan inam və etimadın göstəricisi olmaqla yanaşı, ölkəmizin iqlim dəyişmələri ilə mübarizə məsələlərinə verdiyi önəmin və bu xüsusda,inkişaf etməkdə olan dövlətlərə, o cümlədən, kiçik ada dövlətlərinə ayırdığı diqqətin nəticəsi kimi qiymətləndirilir. Bu tədbirin ölkəmizdə təşkili, həmçininAzərbaycanın qlobal səviyyədə bir oyunçu olaraq geosiyasi əhəmiyyətini artırır və mövqelərini gücləndirir.
İdarə Heyətinin 3 günlük iclasında Fondun Dünya Bankı sistemində maliyyə fondu statusu əldə etməsi və tam əməli fəaliyyətə başlaması ilə bağlı əhəmiyyətliqərarların qəbul edilməsi gözlənilir. İclas zamanı, həmçinin Fondun İcraçı direktorunun təyin olunması nəzərdə tutulur.
Bundan əlavə, İdarə Heyətinin 3-cü iclasında COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı ölkəmizdə rəsmi başlanılması nəzərdə tutulan İtki və zərər üzrə maliyyə mexanizmlərinə dairYüksək Səviyyəli Dialoq ilə bağlı vacib məqamlar müzakirə ediləcək.
İclasda açılış nitqi ilə çıxış edən COP29-un müəyyən olunmuş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyinə və səylərin artırılmasına, eləcə də Fondun əməli fəaliyyətə başlamasının zəruriliyinə diqqət çəkib.
Qeyd edək ki, iclasa inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndə qatılıb.