Son dəqiqə

Macarıstan Peter Siyarto Yaşıl Enerji

Macarıstan “Yaşıl enerji koridoru” layihəsi üçün Avropa İttifaqından maliyyə dəstəyi gözləyir – Peter Siyarto

Bakı,TurkicWorld

Macarıstan Azərbaycanla birgə olan "Yaşıl enerji koridoru" layihəsi üçün Avropa İttifaqından maliyyə dəstəyi gözləyir.

TurkicWorld xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Buxarestdə "yaşıl enerji" sahəsində Macarıstan-Azərbaycan-Gürcüstan-Rumıniya tərəfdaşlığına həsr olunmuş görüşdə deyib.

O, Azərbaycanın və Gürcüstanın gələcəkdə Macarıstan və Rumıniyaya "yaşıl" elektrik enerjisi ixracını təmin edəcək layihənin kritik nöqtəyə yaxınlaşdığını bəyan edib.

Nazir enerji təhlükəsizliyinin bu çətin dövrdə milli təhlükəsizliyin əsas elementi olduğunu vurğulayıb.

Siyarto Macarıstanın enerji strategiyasının dörd əsas sütuna əsaslandığını bildirib: nüvə güclərinin genişləndirilməsi, günəş enerjisi güclərinin əhəmiyyətli şəkildə artırılması, etibarlı enerji tədarükçüləri ilə əməkdaşlıq axtarışı və yeni tədarük yollarının daxil edilməsi.

O, "Yaşıl enerji koridoru" layihəsinin Gürcüstan və Azərbaycandan gələn yeni "yaşıl" enerji mənbələrini təqdim edəcəyini və Macarıstanın elektrik enerjisi istehlakını daha davamlı edəcəyini vurğulayıb. Nazir layihənin sürətlə irəlilədiyini və iştirakçı ölkələrin enerji şirkətləri ortaq müəssisə qurduğunu, tezliklə "yaşıl" enerji sahəsində tərəfdaşlıq müqaviləsi imzalamağı planlaşdırdıqlarını qeyd edib.

O, Avropa İttifaqının bu təşəbbüs üçün infrastrukturu inkişaf etdirmək məqsədilə maliyyə dəstəyi göstərəcəyinə ümid etdiyini əlavə edib.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb. Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.

Mövzuya görə xəbərlər