Son dəqiqə

Türkiyə Gömrük tarifi Volvo

Volvo Türkiyədə sedan modellərinin satışını dayandırıb

Bakı,TurkicWorld

İsveçin avtomobil istehsalçısı Volvo, son gömrük rüsumlarının təsiri ilə Türkiyədə sedan modellərinin satışını dayandırır.

TurkicWorld xəbər verir ki, ötən il Türkiyədə 11 min 646 ədəd satış rəqəmi ilə bütün zamanların rekordunu qıran İsveçin Volvo Car şirkəti ölkədə sedan modellərinin satışına son verir.

Volvo Car Türkiyə baş direktoru Alican Emiroğlu, yaxınlarda görüşdüyü mətbuat mənsublarına verdiyi açıqlamada, markanın kompakt SUV modeli XC40-da artıq benzinli mühərrik variantının təklif edilmədiyini və avtomobilin EX40 adı ilə sadəcə elektrikli olaraq yola davam etdiyini söylədi.

Emiroğlu, "Sedan modellərimiz Çində istehsal olunduğu üçün artıq yeni ildən bu modelləri gətirməyəcəyik. Bu qərarın verilməsində son gömrük rüsumlarının təsiri oldu. Elektrikli sedan modelləri gələnə qədər Türkiyədə sedan bir avtomobil satmağı planlaşdırmırıq”,-deyə qeyd edib.

2023-cü ildəki satış rekorduna toxunan Emiroğlu, "Son 6 ildə Türkiyəyə xaricdən baxmaq fürsəti əldə etdim və Türkiyənin bu müddətdə əldə etdiyi uğuru xaricdən izləmək çox qürurverici idi", -deyə o sözlərinə davam edib.

2024-cü ildə yeni bir rekord qırmağı hədəflədiklərini ifadə edən Emiroğlu, "İlin sonunda bazar gözləntimiz 850 min ədəd civarındadır. İlin qalan 5 ayında satışların yavaşlayacağını düşünürük. Marka olaraq, 2024-cü ili 2023-cü ildən daha yüksək yekunlaşdırmağı planlaşdırırıq. Beləliklə, daralan bazarda böyüyərək payımızı artırmaq istəyirik. Keçən il olan minik avtomobilləri bazarında bazar payımızı 1,2 faiz artıraraq, 2024-cü ilin ilk 7 ayında əldə etdiyimiz 1,42 faizlə rekord bir bazar payına çatdıq." dedi.

Qeyd edək ki, əvvəllər Çin mənşəli elektrik avtomobillərinə tətbiq edilən 40 faizlik əlavə vergi 2024-cü ilin iyul ayından etibarən Çindən idxal edilən bütün yanacaq növlərinə aid avtomobillər üçün qüvvəyə minib.

Mövzuya görə xəbərlər