Bakı, TurkicWorld
Azərbaycan iyulun 15-də Nyu-Yorkda BMT-nin baş qərargahında iqlim gündəliyinə dair Dördüncü Könüllü Milli İcmalını təqdim edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı" mövzusunda ekoloji, sosial və idarəetmə (ESG) sammitində çıxışında deyib.
"İyulun 15-də Nyu Yorkda iqlim öhdəliklərinə dair Dördüncü Könüllü Milli İcmalını təqdim edəcək 5 dünya ölkəsindən biri olacağıq. Həmçinin dünyada yeddi milli davamlılıq hesabatı təqdim edən azsaylı ölkələrdən biriyik", - deyə S.Məmmədov vurğulayıb.
Bugünkü "ESG sammitinin" mövzusuna toxunan nazir müavini qeyd edib ki, lazımi idarəetmə Azərbaycanın dayanıqlı inkişaf proqramının əsas sütunudur.
Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyinin icrasında hökumət nəinki inklüziv və dayanıqlı iqtisadi artım perspektivləri yaradır, həm də özəl sektorla çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar açır.
"Dəyərlərimizi bölüşən özəl sektor liderləri ilə tərəfdaşlıq qurmaqla idarəetmə sistemimizi möhkəmləndirir və korporativ məsuliyyətin ən yüksək standartlarını qoruyuruq", o deyib.
"ESG" (ekoloji, sosial, idarəetmə) hesabatlılığı və şəffaflığına gəlincə, S.Məmmədovun sözlərinə görə, "ESG" əsaslarının tətbiqi dayanıqlı və məsuliyyətli biznes aparmaq metodlarının ölkənin korporativ və maliyyə sistemlərinə inteqrasiyasını nəzərdə tutur.
"Azərbaycan hökuməti etiraf edir ki, "ESG" amilləri biznes, investorlar və siyasətçilər üçün mühüm əhəmiyyət kəsb edir, çünki iqtisadi fəaliyyətin uzunmüddətli həyat qabiliyyətini və təsirini qiymətləndirir. Bununla əlaqədar olaraq, ötən il İqtisadiyyat Nazirliyi BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə Azərbaycanda "ESG" sisteminin təşviqi üzrə layihəyə start verib", - nazir müavini deyib.
Sahib Məmmədov qeyd edib ki, layihənin məqsədi məsuliyyətli korporativ davranışa imkan yaratmaq, son nəticədə 2030-cu il Gündəliyinə uyğun olaraq, milli inkişaf məqsədləri üçün resursların bölüşdürülməsini optimallaşdırmaqda Azərbaycan hökumətini dəstəkləməkdir.
"Layihə dayanıqlı inkişaf nəticələrinə nail olmaq üçün özəl, dövlət və beynəlxalq maliyyənin səmərəli idarə və səfərbər olunmasında Azərbaycan hökumətinə yardım etmək üçün Kompleks Milli Maliyyələşdirmə
Çərçivəsini (İNFF) yaratmağa yönəlib", - S.Məmmədov deyib.
O, çıxışının sonunda həmçinin bildirib ki, "ESG" Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində fəaliyyəti gücləndirmək və tərəqqini sürətləndirmək üçün platforma rolunu oynayır.
"Dialoq, əməkdaşlıq və birgə məsuliyyət vasitəsilə artım üçün yeni imkanlar aça, eyni zamanda planetimizi qoruya və bütün insanların rifahını yaxşılaşdıra bilərik", - deyə nazir müavini əlavə edib.