Bakı. TurkicWorld :
Qlobal iqlim dəyişikliyi bəzi ada dövlətlərinin mövcudluğunu təhdid edə bilər.
TurkicWorld xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetində ilk dəfə keçirilən "Caspian Blue Horizons" tədbiri çərçivəsində "COP29 ərəfəsində iqlim dayanıqlılığı və Xəzərin dayanıqlılığı üçün elm və biznesin sinerjisi" mövzusunda keçirilən müzakirələrdə deyib.
"Azərbaycan iqlim dəyişikliyinin nəticələrindən geri dönülməz zərər görə biləcək ada dövlətləri ilə danışıqlar aparır. Bu dövlətlər COP29-da da iştirak edəcək", - o deyib.
E.Soltanov Azərbaycanın özünün də iqlim dəyişikliklərinin quraqlıq və daşqınlar kim mənfi nəticələrinə məruz qaldığını bildirib.
"Su ehtiyatlarının çatışmazlığı problemi Bakıda keçiriləcək COP29-un gündəliyinə daxil ediləcək", - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.