Bakı. TurkicWorld:
Bakıda "Fintech Summit 2024" öz işini davam etdirir.
TurkicWorld xəbər verir ki, builki sammit "Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik" mövzusuna həsr olunub.
Tədbirdə Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Banklar Birliyi, Visa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də, Türkiyə Bank Tənzimlənməsi və Nəzarəti Agentliyinin rəhbərləri giriş nitqi ilə çıxış ediblər.
Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov iştirakçılara müraciətində bankların təqdim etdiyi elektron ödəniş sistemlərində artım müşahidə olunduğunu vurğulayıb.
"Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin birinci rübündə internet bankçılıq ödənişləri 18 faiz artaraq, 59 milyard manatı ötüb, mobil bankçılıqla edilən ödənişlər isə 15 milyard manatı ötüb", - o deyib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva öz növbəsində beynəlxalq bazarlara çıxış üçün ölkədə lokal startaplara dəstək verildiyini bildirib.
"Lokal startapların beynəlxalq bazarlara çıxışı çox vacibdir. Bunun üçün biz müxtəlif beynəlxalq forumlarda bu startapların təqdim edilməsi üçün şərait yaradırıq", - o deyib.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Azərbaycanda qonşu dövlətlərlə ödəniş ekosistemlərinin inteqrasiyası dərinləşdirilməli olduğunu bildirib.
"Türk dövlətləri arasında ödəniş sistemlərinin inteqrasiyanın gücləndirilməsi, bu əlaqələrin inkişaf etdirilməsi bu yolda başlanğıc ola bilərdi", - deyə o əlavə edib.
Sammit çərçivəsində iştirakçılar 8 panel müzakirəsi keçirəcək. Bütünlükdə 2 gün ərzində tədbiri 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və əcnəbi iştirakçı ziyarət edəcək.