Turizm təhsilinin əsas məqsədi insan resurslarını lazımi bacarıqlarla təmin etməkdir - Sədr

Turizm təhsilinin əsas məqsədi insan resurslarını lazımi bacarıqlarla təmin etməkdir - Sədr

Bakı. TurkicWorld:

Turizm təhsilinin əsas məqsədi insan resurslarını turizmin bütün növləri üçün lazimi bilik və bacarıqlarla təmin etməkdir.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşündə deyib.

"Ümumiyyətlə ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir. 2022-2023-cü tədris ilində ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə məzun olanların sayı isə 1548 nəfər təşkil edib", - o deyib.

Sədrin sözlərinə görə, məzunların 718-i subbakalavr, 715 nəfəri bakalavr, 115 nəfəri isə magistr pilləsi üzrə turizm təhsillərini müvəffəqiyyətlə başa vurublar. Həmçinin peşə təhsili müəssisələri tərəfindən təqdim edilən ixtisaslarda 340 nəfər məzun adını qazanıb.

"Turizm təhsilinin əsas məqsədi turizmin bütün növləri üçün lazımi bilik və bacarığa malik insan kapitalını təmin etməkdir. Turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalması və karyera imkanları gənclərin bu sahəyə marağının artmasına səbəb olur", - deyə o əlavə edib

Qeyd edək ki, QDİƏT 1992-ci ildə Türkiyənin fəal dəstəyi ilə yaradılıb və təşkilatın Daimi Beynəlxalq Katibliyi İstanbulda yerləşir. QDİƏT əməkdaşlığı təşviq etmək, Qara dəniz regionunda sülh, sabitlik və tərəqqini təmin etmək məqsədilə yaradılıb.