Orta Dəhliz çərçivəsində layihələrin inkişafı Qazaxıstan və Xorvatiya üçün sərfəlidir - Nazir

Orta Dəhliz çərçivəsində layihələrin inkişafı Qazaxıstan və Xorvatiya üçün sərfəlidir - Nazir

Bakı. TurkicWorld:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) çərçivəsində layihələrin inkişafı Qazaxıstan və Xorvatiya üçün sərfəlidir.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantırov Xorvatiyanın baş naziri Andrey Plenkoviçlə görüşdə deyib.

"Qazaxıstan və Xorvatiya üçün xüsusən, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika layihələrini inkişaf etdirmək sərfəlidir. Bu, Qazaxıstanın xüsusi diqqət yetirdiyi səmərəli istiqamətlərdən biridir", - o deyib.

Nazir həmçinin, Qazaxıstanda iqtisadiyyatın müxtəlif sektorlarında irimiqyaslı islahatların həyata keçirildiyini bildirib və Xorvatiya tərəfini böyük layihələrə qoşulmağa çağırıb.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.