Son dəqiqə

Türk dövlətləri

TuranSEZ: Türk dövlətləri arasında daha bir iqtisadi körpü

Bakı. TurkicWorld:

Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi hər zaman aktual olub və son illərdə türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni sahələri əhatə etməklə bütün sferalarda əməkdaşlıq daha da genişlənməkdədir. Bunun bariz nümunələrindən biri 3 noyabr 2023-cü ildə Astanada “Türk çağırışı” adı altında keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu zirvə sammitində qəbul etdiyi Astana bəyannaməsinə uyğun olaraq yaradılması nəzərdə tutulan TURAN Xüsusi İqtisadi Zonası (TURANSEZ) ilə bağlıdır.

Bəyannamənin 50-ci bəndində qeyd olunur: Üzv ölkələrin aidiyyəti orqanları tərəfindən TURAN adlanan Xüsusi İqtisadi Zona konseptinin qəbul edilməsi təqdirlə qarşılanır, tərəflərin razılaşdığı konsepsiyanın həyata keçməsini, TURANSEZ-in fəaliyyətə başlamasını təmin etmək məqsədi ilə Qazaxıstanla bağlı edilən dəyişikliyə görə, Qazaxıstan tərəfini təqdir edir, üzv ölkələrin xüsusi iqtisadi zonaları arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayırlar.

Hər gün daha da aktuallıq qazanan TURANSEZ ilə bağlı TurkicWorld Azərbaycan Millət vəkillərinə müraciət edib. Məsələ ilə bağlı , açıqlama verən, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Türk dövlətlərinin vahid İqtisadi Birliyin olmasında və güclənməsində maraqlı olduğunu bildirib.

"Türk dövlətlərinin inteqrasiyası gündən-günə genişlənir. Əgər əvvəllər bu siyasi əməkdaşlıq, beynəlxalq təşkilatlarda siyasi platformalardan birlikdə çıxış etmək idisə, son dövrlərdə artıq iqtisadi, hərbi, hərbi texniki, ümumi dil və digər humanitar sahələrdə öz əksini tapır. İqtisadi sahədə əməkdaşlıq gün keçdikcə daha da güclənir. Bu əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı nəzərdə tutur",- deyə deputat qeyd edib.

Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycan ildən-ilə Türk dövlətlərinə investisiya yatırımını artırır. Azərbaycan və digər türk dövlətləri arasında genişlənən ticari əlaqələr daha böyük iqtisadi rəqəmlərə çatmaqdadır. Həmçinin, Azərbaycanla ayrı-ayrı ölkələr arasında birgə İnvestisiya Fondunun yaradılması ilə bağlı sazişlər imzalanıb. Belə bir layihə Tacikistanda və Qırğızıstanda mövcuddur. Son dövrlərdə türk dövlətlərində ümumi İnvestisiya Fondunun yaradılması barədə razılığa gəlinib.

"Bu layihənin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilməsi, kapitalın sərbəst hərəkətinə, birgə iqtisadi layihələrin həyata keçirilməsinə, investisiyaya ehtiyacı olan türk dövlətinə, digər qardaş türk dövlətlərinin investisiya yardımına gətirib çıxaracaq. Bu, ümumilikdə iqtisadiyyatın genişlənməsinə, ənənəvi ticarət sahələrilə yanaşı, qeyri-ənənəvi və digər iqtisadi sahələrin də formalaşmasına kömək edəcəkdir. Türk dövlətləri, vahid İqtisadi Birliyin olmasında və güclənməsində maraqlıdırlar. Bu dövlətlər arasında olan əməkdaşlıq və inteqrasiya güclənməyə davam edəcəkdir", - deyə Milli Məclisin deputatı əlavə edib.

Azərbaycanın digər millət vəkili Vüqar Bayramov isə hesab edir ki, TURAN xüsusi iqtisadi zonası türk dövlətləri arasında sərmayə qoyuluşunun artmasına səbəb olacaq.

Millət vəkili hesab edir ki, TURAN xüsusi iqtisadi zonası, bütövlükdə, Türk dünyasının inkişafı baxımından vacib layihələrdən biridir.
“Bu zona türk dövlətləri arasında sərmayə qoyuluşunun artmasına, eləcə də idxal-ixrac əməliyyatlarının genişlənməsinə gətirib çıxaracaq. Nəticədə, yeni bir zonanın yaradılması investisiya cəlb edilməsi baxımından, eyni zamanda qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi aspektindən vacibdir”, – deyə o vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, bu kontekstdə Azərbaycan daxil olmaqla, türk dövlətləri arasında xüsusi investisiya fondlarının yaradıldığını nəzərə alsaq, həmin fondlar Azad İqtisadi Zonalar vasitəsilə investisiya qoyuluşu həyata keçirəcək.

“Bu, həm türk dövlətləri arasında, həm də dövlətlərin özünün ixrac imkanlarının artırılmasına dəstək olacaq”,- deyə, o qeyd edib.

TURANSEZ, bu gün tam anlamda həyata keçirilməsə də, layihənin həyata keçirilməsinin bölgə üçün və xüsusən də türk dövlətləri üçün önəmli iqtisadi lahiyələrdən bir olacağı istisna edilmir.

X: Lamanasadli01

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər