Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 1995-ci ildən bu günədək Azərbaycana 500 milyon dollara yaxın investisiya qoyub. Bunu TurkicWorld-a IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib. O bildirib ki, bu vəsaitlər müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, eləcə də infrastruktur və istehsal layihələrinin maliyyələşdirilməsinə yönəlib: "Eyni zamanda IFC ticarət maliyyələşdirməsi proqramı çərçivəsində 100 milyon dollara yaxın vəsait ayırıb və Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üçün 250 milyon dollar təqdim edib". İ.Duarte qeyd edib ki, son bir neçə il ərzində IFC-nin səyləri Azərbaycanda maliyyə infrastrukturu üzrə məsləhət işlərinə, eləcə də investisiyaların təşviqi strategiyası üzrə qanunvericilik bazasının yaradılmasına yönəlib: "IFC-nin Azərbaycandakı işi xüsusən, kiçik biznes, kənd təsərrüfatı, qida məhsullarının təhlükəsizliyi, turizm kimi sahələrdə qanunverici və normativ təşəbbüslərin dəstəklənməsini əhatə edir".