Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir - Özbəkistan Baş nazirinin müavini

Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir - Özbəkistan Baş nazirinin müavini

Bakı. TurkicWorld:

Bugünkü konfrans Azərbaycan və Özbəkistan arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan Baş nazirinin müavini Zulyxo Makkamova Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib

"Bu tədbir iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün çox vacibdir. Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial var.

Özbəkistan qadın hüquqlarının genişləndirilməsi missiyasına qoşulur. Ölkəmiz bu məqsədə çatmaq üçün bir sıra mühüm addımlar atdı. 100-ə yaxın hüquqi sənəd qəbul edildi, bu məsələ ilə bağlı bir sıra beynəlxalq sənədlər təsdiq edildi",- deyə o əlavə edib.

Baş nazirin müavini qeyd edib ki, qadın sahibkarlığını dəstəkləmək üçün Özbəkistan güzəştli sistem üzrə kredit verməyə başlayıb.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.